Çərşənbə axşamı 23 Oktyabr 2018

Cəmiyyət

XVII əsr Azərbaycan memarlığının şah əsəri - Gəncə Şah Abbas məscidi

GanjaNews - 27/07/2013

Gəncənin mərkəzində yerləşən və xalq arasında Cümə məscidi kimi tanınan möhtəşəm məbədin memarı Şeyx Bahəddin Məhəmməd Amilidir.
XVII əsr Azərbaycan memarlığının şah əsərlərindən sayılan Şah Abbas məscidi 1606-cı ildə inşa edilib. Şah Abbas məscidi yumurta ağı ilə gil-əhəng qatışığı və bişmiş qırmızı kərpicdən inşa edilib.
1776-cı ildə məscid binasının qarşısında əlavə iki minarə tikilib. Kub şəklində olan abidənin böyük günbəzi diqqəti daha çox cəlb edir.

Məbədin ibadət salonunun sahəsi çox genişdir və açırımlarının hündürlüyü ilə fərqlənir. Şah Abbas məscidində minbərin üzərində olan oyma bəzəklər şəbəkəçilik sənətinin gözəl nümunələrindən sayılır. 1920-ci ildə bolşeviklər tərəfindən şəhərə və ətrafa atılan mərmilərin təsirindən məscidin minarələrindən biri əyilib. Həmin il Gəncə şəhər Xeyriyyə Cəmiyyəti tərəfindən bərpa işləri aparılsa da, əyilmiş minarəni tam bərpa etmək mümkün olmayıb. Bünövrəsi möhkəm olduğundan əyilmiş minarə günümüzə qədər gəlib çıxa bilib. Sovet hakimiyyətinin apardığı ateist siyasət nəticəsində məscidin mədrəsəsi dağıdılaraq tamamilə məhv edilib.  Görkəmli ədib Mirzə Şəfi Vazeh uzun müddət bu məscidin mədrəsəsində xəttatlıqdan dərs demişdir. Məhz burada xalqımızın böyük mütəfəkkiri Mirzə Fətəli Axundov ondan nəstəliq xəttini öyrənmişdir.

Məscidin salonunda möhkəm palıddan hazırlanmış bir minbər var. Özlüyündə unikal bir incəsənət əsəri olan, şəbəkə üsulu ilə, bircə mismar belə işlədilmədən hazırlanmış minbərin üzərindəki yazılardan aydın olur ki, yaşı məscidlə təxminən eynidir. Müxtəlif vaxtlardakı düşmən hücumları zamanı xəsarət görmüş bu minbəri 1897–ci ildə Gəncə hakimi Cavad xan Şahverdi xan oğlu Ziyadoğlu–Qacar təmir etdirib. Şücaəti ilə Azərbaycanın qəhrəmanlıq rəmzinə çevrilmiş Cavad xanın məqbərəsi də Şah Abbas məscidinin yaxınlığındadır. Ümumiyyətlə, Ziyadoğlu nəslindən olan digər xanların da qəbirləri bu ərazidə olub. Sovet dövründə aparılan rekonstruksiya işləri nəticəsində onlar ləğv edilib.  2008-ci ildə Prezident İlham Əliyevin şəxsi göstərişi ilə Heydər Əliyev Fondu hesabına Şah Abbas məscidində əsaslı bərpa işləri aparılıb. İbadətgahın qapı-pəncərələri dəyişdirilib, şəbəkələr  yenidən işlənərək əsrarəngiz görkəm verilib və divarları xüsusi zövqlə rənglənib.  2008-ci il sentyabrın 24-də Prezident İlham Əliyev Şah Abbas məscidinə baş çəkmiş, onun yeni görkəmi ilə tanış olmuş və görülən işləri yüksək qiymətləndirmişdir. Məsciddə hazırda dövlət qeydiyyatından keçmiş icma fəaliyyət göstərir.  

Photogallery

Sekil1 Sekil3 Sekil2 Sekil5 Sekil4

Hadisə