Çərşənbə axşamı 23 Oktyabr 2018

Cəmiyyət

Gəncənin Cavad xan küçəsi

GanjaNews - 13/01/2014

Uzunluğu 500 metrə yaxın olan Cavad Xan küçəsi Gəncənin tarixində mühüm yerlərdən birini tutur. Gəncənin qeyrət rəmzi olan Cavad xanın adını daşıyan bu küçədə əsasən XIX əsrin ikinci yarısında tikilmiş tarixi binalar yerləşir. Təxminən il yarım bundan qabaq bu küçədə yerləşən binaların və digər tikililərin fasadları yenidən qurulub.

Tarixi və müasir memarlıq elementlərinin vəhdəti binaların fasadında öz əksini tapıb. Ərazidə  irimiqyaslı quruculuq işləri həyata keçirilən zaman küçədə 7 ədəd dekorativ fəvvarə inşa olunub. Gecə işıqlandırma dirəkləri, milli-memarlıq elementi olan buta formasında oturacaqlar, küçənin müxtəlif hissələrində heykəllər (muğam üçlüyü, qartal və s) quraşdırılıb. 7 min 703 kv.metr sahəyə qranit döşənib. Bundan başqa, Azərbaycan Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin ilk nömrəsinin dərc olunduğu tarixi mətbəənin binası əvvəlki görkəminə qaytarılıb. AXC-nin qurucularından olan Xasməmmədov qardaşlarının yaşadığı ev, həmçinin 1899-cu ildə tikilən və alman mühəndisi Zingerin yaşadığı ev də Cavad xan küçəsinin tarixi tikililərindəndir. Aparılan abadlıq-quruculuq işlərindən sonra sanki muzeyə çevrilmiş Cavad xan küçəsində dəmir haşiyələr və məhəccərlər Gəncə memarlığına uyğun hazırlanmışdır. Binaların dam örtükləri də yenidən qurulmuş, qapılar və darvazalar milli şəbəkə formasında hazırlanmışdır. Küçəyə kanalizasiya xətləri çəkilmiş, qaz və su boruları yerin altına salınmışdır.

Burada, həmçinin, xalçaçılıq, rəssamlıq və misgərlik dərnəkləri də fəaliyyət göstərir.

Cavad xan küçəsi hazırda Gəncə şəhər əhalisi və turistlərin ən çox gəzdiyi, orada yaradılan gözəllikləri seyr edərək asudə vaxtlarını səmərəli keçirdikləri məkanlardan biridir.

Hadisə