Çərşənbə axşamı 23 Oktyabr 2018

Cəmiyyət

Gəncədə “İstiqlal” parkı istifadəyə verilib. Fotolar

GanjaNews - 29/05/2014

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü münasibəti ilə Gəncənin Gülüstan qəsəbəsində yerləşən “İstiqlal” parkı əsaslı təmirdən sonra yenidən əhalinin istifadəsinə verilib.

Açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, struktur rəhbərləri, qəsəbə sakinləri və şəhər ictimaiyyəti iştirak edib.

Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev parkda ucaldılmış “İstiqlal” abidəsi önünə əklil qoydu. Azərbaycanın Dövlət Himni səsləndirildi. O, çıxış edərək, şərqdə ilk demokratik respublikanın qurulmasının 96-cı ildönümü münasibəti ilə yığıncaq iştirakçılarını təbrik edib. Elmar Vəliyev əlamətdar günün tarixinə nəzər salaraq bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. AXC qısa ömründə böyük nailiyyətlər əldə edib: - ilk dəfə qadınların seçim hüququnu tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb.

İcra başçısı qeyd edib ki, Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki, xalqımız həlledici anlarda düzgün seçim etmişdir. Ulu Öndərə üz tutub onu hakimiyyətə dəvət etmişdir. Əgər Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı. Qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı qüvvələrə böyük zərbə vuruldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu.

AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, GDU-nun prorektoru Pərvin Kərimzadə və tarixçi alim Həsənbala Sadıqov çıxışlarında vurğulaydılar ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib. AXC-nin müstəqilliyi ilk olaraq 1918-ci il iyunun 4-də Osmanlı imperiyası tərəfindən rəsmən tanınıb.

Daha sonra qəsəbə sakinləri onlara yaradılan şəraitə görə ölkə başçısına və şəhər rəhbərliyinə minnətdarlıq bildiriblər. “İstiqlal” parkının yenidən əsaslı şəkildə qurulmasını gəncəlilərə gösttərilən diqqət və qayğı kimi dəyərləndiriblər.

Qeyd edək ki, 5 hektar ərazisi olan parkda 28 May Xalq Cümhuriyyətinin şərəfinə 15 metr hündürlüyündə abidə ucaldılıb. Abidənin ətrafında 9 metr hündürlüyündə 5 lampalı işıq dirəkləri quraşdırılıb. Parkda 3100 kv.m tamet vurulub, 28 işıq dirəyi quraşdırılıb, 15 ədəd oturacaq, 30 ədəd zibil qabı qoyulub, 2 bulaq və fəvvarələr tikilib. Həmçinin parkda 20 mindən artıq çiçək, 320 ədəd ağac və kol əkilib, 200 paqonometr qranit pilləkan düzəldilib.  İstirahət guşəsinin ətrafında abadlıq-quruculuq işləri aparılıb.

Qeyd edək ki, parkda hündürlüyü 15 metr olan “İstiqlal” abidəsinin ətrafında İstiqlal Bəyannaməsi, Ulu Öndərimizin və Ölkə Prezidentimizin dövlətçilik haqqında sözləri yazılıb.

Hadisə