Çərşənbə axşamı 17 Sentyabr 2019

Mədəniyyət

Gəncənin təqribən 7 kilometrliyində yerləşən 'İmamzadə' kompleksi qədim şəhərin orta əsrlər dövrünə aid edilən ən mühüm dini və tarixi abidələrdəndir

Samirə Süleymanlı - 09/12/2015

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki bu müqəddəs ziyarətgahın VIII əsrdə ucaldılması, türbənin inşa edilməsi və əsrlərlə əhali tərəfindən mühafizə olunması Gəncənin yüzilliklərə istinad edən şəhər mədəniyyəti mərkəzi kimi formalaşması təsdiqləyir. Tarix boyu müqəddəs ziyarətgah kimi müsəlman dünyasında əhəmiyyətli mövqeyə malik olan "İmamzadə" türbəsi həm də Gəncədə yüksək şəhər mədəniyyəti ünsürlərinin göstəricisi hesab edilib.

Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir.Gəncənin "İmamzadə" dini kompleksinin ən mühüm xüsusiyyətləri, unikal keyfiyyətləri içərisində onun tarixi, dini abidə kimi əhəmiyyəti böyük önəm daşıyır. Bu möhtəşəm tarixi, dini abidə artıq kompleksə çevrilir. Kompleksdə dövlət vəsaiti hesabına əsaslı yenidənqurma və bərpa işləri aparılıb. Binaların üzlənməsi və daxili interyerdə bəzək işlərinin aparılması, Hüseyniyyə və Zeynəbiyyə adlanan hər birinin 200 nəfər tutumu olan zalların tikintisi, ziyarətgahın üstündə 28 metr hündürlüyündə kümbəz, tikilinin sağ və sol hissəsində 2 minarə, kompleksin həyətində isə inşa edilən mehmanxana "İmamzadə"ni möhtəşəmliyi ilə fərqləndirir.

İmamzadə" dini kompleksinə aid olan tikililərin daxilində nəfis xəttatlıq işləri görülüb və kaşı materialla örtülüb. Tikilinin həyəti kərpiclə hasara alınıb. Kompleksin hasarları kərpic elementləri ilə bəzədilib. 600 kv.metrlik ərazidə əsas giriş xüsusi layihə ilə hazırlanıb. 2010-cu ildən əsaslı təmirinə başlanılan kompleksin yerləşdiyi 2.5 hektar ərazidə 36 kiçik və 5 böyük günbəzdən ibarət məscid, 200 kv.m ərazisi olan  qurbangah, 1000 nəfərlik ehsangah,  500 avtomobillik  2 dayanacaq inşa edilib. Ərazidə müasir işıqlandırma sistemi, piyadaların rahat hərəkəti üçün səkilər yenidən qurulub. Kompleksin ətrafında yaşıllıq zolaqları salınıb. Həmişəyaşıl və dekorativ ağaclar əkilib.

Atabəylər prospekti ilə “İmamzadə” kompleksinə  gedən yolu birləşdirən körpü də əsaslı şəkildə yenidən qurulur. Körpünü saxlayan nəhəng dayaqların ətrafı betonlanır. Körpünün yaxınlığında inşa edilən kompleksin əsas giriş qapısının fasadı gəpic elementləri ilə bəzədilib. Tikili qədimlik və müasirliyin vəhdətini özündə əks etdirir. Qapının daxili xəttatlıq elementləri ilə bəzədilir. İmamzadə" kompleksinin  kənarlarındakı boş ərazilərə 5000-dən  artıq şam və kiparıs ağacları əkilib.

Qeyd edək ki, “İmamzadə” kompleksi Gəncə şəhərinin və bütövlükdə ölkənin ən maraqlı memarlıq abidələrindən biridir. Türbə bu kompleksin ən qiymətli abidəsidir. Burada beşinci İmam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahına çevrilib. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir.

Prezident İlham Əliyev bu abidə-ziyarətgahın təmiri və bərpası ilə bağlı xüsusi Sərəncamlar imzalayıb. Dövlət başçısı burada görülən işlərlə şəxsən dəfələrlə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib. Dövlətin ayırdığı vəsait hesabına yenidən qurulan kompleks tariximizin daha dəyərli səhifələrinə çevrilir.

Photogallery

DSC 8944 DSC 8956 DSC 8947 DSC 8939 DSC 8955 DSC 8957 DSC 8945

Hadisə