Şənbə 23 Yanvar 2021

Hadisə

Gəncə öz şəhidini torpağa tapşırdı

Samirə Səmədova - 06/04/2016

Qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun zabiti, 33 yaşlı İntiqam Quliyev dəfn olunub. Şəhid Gəncənin “Şəhidlər Xiyabanı”nda torpağa tapşırılıb. İntiqam Quliyev cəbhənin Ağdərə rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Şəhidin dəfn mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu Orhan İşık, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhər ictimayyətinin nümayəndələri, sadə vətəndaşlar və şəhidin ailə üzvləri iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncənin 371-ci şəhidi, kapitan İnqilab Çingiz oğlu Quliyevin dəfn mərasimində onun Azərbaycan ordusunun təmas xəttində göstərdiyi şücaətlərdən danışıb. Bildirib ki, İnqilab Quliyevin də qatıldığı uğurlu əməliyyatlar nəticəsində strateji əhəmiyyətli yüksəkliklər düşməndən azad edilib.

Dəfn mərasimində “ Şəhidlər ölməz, Vətən bölünməz”, “Torpaq uğrunda ölən varsa vətəndir”, “Hər birimiz Mübariz” şüarları səsləndirilib. Cənazə namazı qılındıqdan sonra şəhidin ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib. İnsan izdihamı ilə müşayiət olunan dəfn mərasimində sakinlər şəhidi alqışlarla son mənzilə yola salıblar. Gəncə şəhərinin “Şəhidlər Xiyabanı” nda İnqilab Çingiz oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında, yaylım atəşinin açılması ilə torpağa tapşırılıb.

 

Ən çox oxunan

Hadisə