Çərşənbə axşamı 13 Noyabr 2018

Mədəniyyət

Nizami Gəncəvi Muzeyi

GanjaNews - 19/08/2017

Nizami Gəncəvi Muzeyinin tikintisinə 2012-ci ilin sonlarında başlanmışdır. Muzeyin Nizami Gəncəvi məqbərəsinin yaxınlığında tikilməsi buraya gələn turistlərə həm məqbərəni ziyarət etməyə, həm də dahi şairin həyat və yaradıcılığı haqda geniş məlumat öyrənməyə imkan yaradır. Muzeyin qarşısında Nizami Gəncəvinin büstü qoyulmuşdur.

Muzeydə ulu öndər Heydər Əliyev və Nizami Gəncəvi guşələri yaradılmış, şairin həyat və yaradıcılığını əks etdirən monitor quraşdırılmışdır. Elmi tədqiqat şöbəsində elmi araşdırmalar üçün hər cür şərait vardır. Muzeydə dahi mütəfəkkirin həyat və yaradıcılığı haqqında geniş məlumatlarla zəngin elektron məlumat köşkü quraşdırılmışdır. Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Nizami Gəncəvinin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpa edilməsi, əsərlərinin tərcümə və tədqiq olunması ilə bağlı sərəncam və qərarları sərgilənir. Burada dahi şairin 800, 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar nümayiş etdirilir. Şairin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən nəşr olunan “Xəmsə” və monoqrafiyalar Avstriya, Rusiya, Almaniya, Böyük Britaniya milli kitabxanalarında, Misirin İsgəndəriyyə kitabxanası, Fransanın Strasburq kitabxanası və ABŞ-ın Metropol Muzeyində qorunan nadir “Xəmsə” əlyazmalarının və miniatürlərinin orijinalları və nüsxələrindən ibarət guşə yaradılmışdır. Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq hazırkı mərhələdə respublikamızda gənc nizamişünas kadrların yetişdirilməsi, şairin əsərlərinin filoloji tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə olunması, habelə dünyanın mötəbər kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarılması Azərbaycan mədəniyyətinin öyrənilməsi işində mühüm əhəmiyyət daşıyır. Nizami dövrü, ədəbi irsi və məktəbi məsələləri müasir humanitar düşüncənin tələbləri kontekstində və azərbaycançılıq məfkurəsi işığında tədqiqini gözləyir. Bütün bunları nəzərə aldıqda Gəncədə inşa olunan bu Muzeyin əhəmiyyəti olduqca böyükdür.

Muzeydə elmi tədbirlər üçün nəzərdə tutulmuş konfrans zalı fəaliyyət göstərir. Muzeyə gələn qonaqlar və turistlər üçün istirahət guşələri də yaradılmışdır. Binada Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin yüksək zövqlə toxunmuş xalça portretləri diqqəti cəlb edir.

Photogallery

27815 27816 19702159 1581405525264153 1026529801213162764 N 19732040 1581405448597494 4998111124876985648 N 19665504 1581405661930806 8029527056299806464 N

Ən çox oxunan

Hadisə