Şənbə 20 Aprel 2019

Cəmiyyət

'Ölkəmizi tanıyaq' tur-aksiya iştirakçıları Gəncədə olublar

Gülnar Fazilqızı - 25/03/2019

Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə ekskursiyaya çıxan Qəbələ, Şamaxı, Şəki, Oğuz, İsmayıllı, İmişli və Füzuli məktəbliləri Gəncə şəhəri ilə tanış olublar.

Tur-aksiya iştirakçıları Gəncəyə səfəri  füsunkar təbiət möcüzəsi olan Göygöldən başlayıb. Bildirilib ki, 1139-cu ildə Kiçik Qafqaz dağlarında güclü zəlzələ baş verib. Zəlzələnin təsirindən Kəpəz dağının zirvəsi uçaraq Ağsu çayının qarşısını kəsib və əsrarəngiz gözəlliyə malik, nadir təbiət incisi Göygöl yaranıb. Hazırda Göygölə yaxın ərazilərdə bir-birindən gözəl 17 göl var. Göllərin hər biri müxtəlif əlamətlərinə görə adlandırılıb. Lakin onlardan Göygöl və Maral göl daha məşhurdur. Hər il 10 minlərlə turistin səfər etdiyi bu ərazilərdə həm də Azərbaycan təbiətinin ən nadir fauna və flora növləri qorunur.

Dağların qoynu ilə ensiz dolama yollardan, sıx meşələrdən keçdikdən sonra dəniz səviyyəsindən 1556 metr yüksəklikdə tur-aksiya iştirakçılarının gözləri qarşısında açılan ecazkar təbiət mənzərəsi məktəblilərə xoş təsir bağışlayıb. Şagirdlər gölün kənarında xatirə şəkilləri çəkdiriblər.

Açıq səma altında ölkəmizin multikultural ənənələrinin əks olunduğu muzeyi xatırladan Göygöl şəhəri buraya səfər edən hər kəsdə olduğu kimi, tur-aksiya iştirakçılarında da zəngin təəssürat yaradıb.

Daha sonra tur-aksiya iştirakçıları Gəncə şəhərinə səfər ediblər.

Tur-aksiya iştirakçılarının Gəncə şəhəri ilə tanışlığı Heydər Əliyev Park Kompleksi ilə başlayıb.

Məktəbliləri Zəfər Tağı önündə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri qarşılayıblar.

Şagirdləri salamlayan şəhər icra hakimiyyətinin təmsilçisi Yadigar Bədəlov Prezident İlham Əliyevin tövsiyəsi ilə həyata keçirilən layihənin məktəblilərin biliklərinin artırılmasında, dünyagörüşlərinin formalaşmasında əhəmiyyətindən danışıb.

Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını, Gəncə şəhərinə tarixi səfərlərini əks etdirən foto və sənədlərlə tanış olublar.

Maarifləndirici tur-aksiya iştirakçılarının üz tutduqları sonrakı məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi olub. Məktəblilər əvvəlcə şeyx Nizaminin və şairin valideynlərinin qəbirlərini ziyarət ediblər. Məlumat verilib ki, Nizami Gəncəvinin qəbri üzərində ilk türbə XIV əsrdə tikilib. Bu vaxtadək şairin məzarı üzərində müxtəlif əsrlərdə dörd dəfə türbə tikilsə də, onların heç biri bu qədər möhtəşəm və əzəmətli olmayıb. Hündürlüyü 24 metr olan hazırkı türbənin inşasında qırmızı qranitdən istifadə edilib.

Şagirdlər türbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıb, şəkillər çəkdiriblər.

Sonra tur-aksiya iştirakçıları Nizami Gəncəvi Muzeyinə gəliblər. Bildirilib ki, muzeyin binasının təməli 2013-cü ildə qoyulub. Bundan bir il sonra Prezident İlham Əliyevin Gəncəyə növbəti səfəri zamanı muzey istifadəyə verilib.

Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dahi şairin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpası, əsərlərinin tərcüməsi və tədqiq olunması ilə bağlı fərman və sərəncamları sərgilənir. Muzeydə dahi şairin 800 və 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar da nümayiş etdirilir.

Burada məktəblilər dahi şairin əsərlərinə həsr olunan və hazırda dünyanın Metropoliten, Viktoriya və Albert, Drezden, Vatikan kimi muzeylərinin ən qiymətli eksponatları sırasında yer alan, “Xəmsə”nin motivləri əsasında işlənən miniatürlərin surətləri ilə tanış olublar.

Məktəblilərin baş çəkdikləri növbəti məkan Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi olub.

Tur-aksiya iştirakçılarına məlumat verilib ki, kompleksin inşasına 2012-ci ilin yanvarında başlanılıb. Bu möhtəşəm abidənin yüksək səviyyədə, tarixi ənənələrə uyğun inşası 2014-cü ilin yanvarında başa çatdırılıb.

Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Kompleksin ərazisində 75 metr hündürlüyü olan dirəkdə dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir.

Gəncə-Bakı avtomobil yolunun kənarında xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə çar qoşunlarına qarşı mübarizə səhnələri, həmçinin Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, ümummilli lider Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması və Milli Qurtuluş hərəkatının Gəncədən başlaması salnaməsi əks olunub. Dəmir darvazalar kompleksə xüsusi əzəmət verir.

Məktəblilərin baş çəkdikləri sonuncu məkan - müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olan “İmamzadə” dini kompleksi ilə tanışlıq da maraqlı keçib. Məlumat verilib ki, bu müqəddəs məkanda 739-cu ildə beşinci İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn edilib. “İmamzadə” ziyarətgahı əsrlər boyu insanların üz tutduğu müqəddəs məkanlardandır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ziyarətgahda geniş abadlıq-quruculuq və yenidənqurma işləri aparılıb.

“İmamzadə” kompleksinin ətrafında böyük kompleks yaradılıb. Belə ki, yenidənqurma işlərindən sonra şahzadə İbrahimin qəbri üzərində tikilən tarixi türbələr saxlanılmaqla üzəri günbəzlə tamamlanan möhtəşəm türbə, ətrafında isə minarələr inşa edilib. Ziyarətgahda möminlərin rahat ibadəti üçün Hüseyniyyə və Zeynəbiyyə məscidləri, dəstəmazxana, mehmanxana, dini muzey tikilib. İnsanların mənəvi saflıq, doğruluq və halallıq məkanı olan “İmamzadə” kompleksi məktəblilərdə böyük maraq oyadıb.

Şagirdlərin Göygöl rayonu və Gəncə şəhəri ilə tanışlığı zəngin təəssüratlarla başa çatıb.

Photogallery

15534530241819827140 1000x669 1553453024126533969 1000x669 15534530242269018938 1000x669

Hadisə