Şənbə 20 Aprel 2019

Mədəniyyət

Gəncənin Şah Abbas və Uğurlu Xan karvansaraları

Sənubər Qocayeva - 25/03/2019

Ulu Nizami yurdu qədim Gəncə tarixi abidələrlə öz gözəlliyini əsrlərdir qoruyub saxlamaqdadır. Tarixə şahid olan bu abidələr sırasında yan-yana yerləşən Şah Abbas və Uğurlu xan karvansaralarının xüsusi yeri var. Gəncənin maddi-mədəni abidələri içərisində Şah Abbas karvansarası hər zaman gözəlliyi ilə seçilib. Onun tikintisinə Səfəvi hökmdarı I Şah Abbasın göstərişi ilə 1606-cı ildə başlanılıb.

Tarixi faktlar göstərir ki, karvansaranın layihələndirilməsinə və tikintisinə Şərqin böyük memarlarından sayılan Şeyx Bəhaəddin Amili başçılıq edib. Bişmiş qırmızı kərpicdən inşa edilən karvansara iki mərtəbədən ibarətdir. Professor Şükür Şükürov bu barədə öz məqalələrinin birində yazır ki, Uğurlu ağanın tikdirdiyi karvansara da vaxtilə Şah Abbasın adı ilə tanınıb. Halbuki Şah Abbas karvansarası XX əsrin 30-cu illərinə kimi mövcud olub. Digər bir mənbə olaraq mərhum tarixçi Fərrux Əhmədov isə məqalələrinin birində yazır: “Məscid karvansarası – Şeytanbazarın günçıxan səmtində tikilib və ikimərtəbəli geniş kvadrat formalı həyəti əhatə edir”. XX əsrin əvvəllərində, 1905-ci ildə ermənilərin Gəncə şəhərində törətdiyi qırğınlar zamanı bu bina da yandırılıb və ciddi zərər görüb.

Tarixi mənbələri araşdırarkən görürük ki, Şərq şəhərlərinin quruluşunda karvansaralar yaşayış evləri və məscidlərdən sonra əsas yeri tutur. Karvansaralar əsasən iki qrupa – şəhər və yol qırağında tikilən karvansaralara ayrılır. Yol qırağında tikilən karvansaralar karvan keçən yerlərdə, bir-birindən adətən birgünlük məsafədə tikilirdi. Şəhər karvansaraları isə əsasən bazarlarda və bazarlara yaxın ərazidə inşa edilirdi. Bu isə uzaq-uzaq ellərdən gətirilən malların bazarlara daşınmasını asanlaşdırırdı. Məhz Gəncədə ticarətin inkişafı, iqtisadi əlaqələrin genişlənməsi, alıcılıq qabiliyyətinin yüksəlməsi burada da karvansaraların tikilməsi ehtiyacını doğururdu.

Qeyd etmək yerinə düşər ki, karvansaralar yalnız ticarət baxımından əhəmiyyət kəsb etməyib. Bu tarixi tikililər dünya xalqlarının mədəniyyətinin yayılmasında da yaxından iştirak edirdi, çünki həmişə yaxın-uzaq ölkələrdən gələn insanlarla dolu, qonaqlı-qaralı olurdu. Bu karvansaralarda incəsənət ustaları və ziyalılar görüşür, ədəbi-musiqili müsamirələr də keçirilir, aşıqların, xanəndələrin məclisləri qurulurdu.

Bununla da bir ölkə və onun şəhərlərində baş verən mühüm mədəni-ictimai hadisələr başqa bir ölkəyə karvansaralardan yayılırdı.

Şərqin əsas ticarət yolu (İpək Yolu) üstündə yerləşən Gəncə də öz karvansaraları ilə səyyah və tacirləri hər zaman heyran qoyub, tarixçilər də onu qibtə ilə xatırlayıblar. Qeyd etmək lazımdır ki, əvvəllər binanın indiki “Gəncə” mehmanxanasına baxan hissəsi ikimərtəbəli, arxa hissəsi isə birmərtəbəli olub, sonra əlavə olaraq ikinci mərtəbəsi ucaldılıb.

Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin tapşırığına əsasən Şah Abbas və Uğurlu xan karvansaralarında rəssam Cavanşir Məmmədovun rəhbərliyi ilə kompleks bədii tərtibat, bərpa və abadlaşdırma işləri aparılıb. Qeyd etmək lazımdır ki, bu dövrdə Azərbaycanın milli-mənəvi dəyərlərinin üzə çıxarılması, o cümlədən tarixi abidələrin bərpa olunub xalqın istifadəsinə verilməsi sahəsindəki əməli addımlar respublikamızda geniş vüsət almışdı. Bu dövrdə karvansarada “Azərbaycan miniatürləri” muzeyi, “Məhsəti Gəncəvi” – qadınların yaradıcılığı muzeyi yaradılıb. 1981-ci ildə ümummilli lider Heydər Əliyevin Gəncəyə növbəti səfəri zamanı burada görülən işlərlə tanış olmuş və onun məsləhətləri əsasında bədii tərtibat işləri üç istiqamətdə həyata keçirilmişdi. Bu ardıcıl kompozisiyalar özlüyündə Orta əsr rəssamlarının yaradıcılığını tərənnüm edirdi. Tərtibat işlərinin ikinci qolu isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına və qoca Şərqin İpək Yoluna həsr edilərək illüstrativ kompozisiyalardan ibarət olub.

Bu gün Şah Abbas və Uğurlu xan karvansaraları ölkə başçısı İlham Əliyevin göstərişi əsasında yenidən bərpa olunur. Burada 2012-ci ildən başlanan təmir-bərpa işləri artıq yekunlaşmaqdadır. Tarixi abidənin bərpası  Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun layihəsi əsasında icra edilir. Layihə nəticəsində Şah Abbas və Uğurlu xan karvansaralarının xarici görünüşü daha da gözəlləşib.

Hər iki karvansara yeni layihəyə əsasən ikimərtəbəlidir. İki karvansaranın ümumilikdə 120 otağı, həmçinin dörd daxili və üç xarici girişi var. Ötən müddətdə tarixi abidənin möhkəmləndirilməsi yekunlaşıb, qəzalı vəziyyətdə olan hissələri təmir olunub, mərtəbələrarası örtüklərin bərpası tamamlanıb və kommunikasiya xətləri çəkilib. Karvansaranın damörtüyü dəyişdirilib, fasadın uçmaq təhlükəsində olan sağ divarı bərpa edilib, həmçinin binanın bütün hücrə və otaqları əvvəlki görkəminə qaytarılıb. Karvansaranın “Uğurlu xan” hissəsində bərpa işləri tamamlanıb.

Çoxəsrlik tarixə, ulu ənənələrə və zəngin bədii təsvir vasitələrinə malik olan Azərbaycan memarlığının özünəməxsus səciyyəvi xüsusiyyətləri Gəncədə inşa edilən bu karvansaranın, xarici quruluşunda olduğu kimi, daxili interyerində də  özünü göstərir. Binanın birinci mərtəbəsi 17 iri tağdan ibarətdir. Birinci mərtəbədə sağ və sol divarların içərisində gözətçilərin dayanması üçün konusabənzər yarıqlar düzəldilib və daxili işıqlandırmaq üçün lampa, həmçinin şamlardan istifadə olunub, bura pəncərəsizdir. İkinci mərtəbəyə qalxan pillələri 44 pillədən ibarət olmaqla karvansaranın daxilində yerləşdirib. Pillələrin yerləşdiyi hündür interyerin tavanını təşkil edən günbəzdə səkkizguşəli ulduz formasında olan şəbəkəli naxış kompozisiyası ona xüsusi milli görkəm verir. Burada həmçinin interyerin qaranlıq olmasını nəzərə alan memar səkkizguşəli açıqrəngli ulduzdan istifadə etməklə bu problemi məharətlə həll etməyə nail olub. Həmçinin günbəzin mərkəzi hissəsinin ornament elementləri ilə kompozisiyanın sıx, yığcam qovşağı yaradılıb. Mərkəzdən kənarlara doğru yayılan həndəsi naxış elementləri kompozisiyadakı gərginliyi azaldır, ona sərbəstlik verir. Maraqlı cəhət burasındadır ki, karvansaranın otaqlarının qapıları oval şəklində hörülən dalanla birləşir, daxili arxitekturasında iki üslub nəzərə çarpır: Şərq və Avropa üslubu. Sağ dalanın baş tərəfində Gəncənin panoramı düzəldilən yer “xəlvətxana” adlandırılıb. Eləcə də bina, bütün karvansaralar kimi, dörd tərəfdən uca divarlarla əhatə edilib. Bununla da onun qala tikililəri tipində olduğu fikrinin söylənilməsi təsdiqlənir.

Karvansaranın darvazasının birindən karvan girirdisə, digərindən çıxırmış. Böyük darvazalar qala qapıları kimi axşamlar bağlanırdı. Burada otaqların qızdırılması üçün buxarılar qoyulub. Tarixi mənbələr göstərir ki, XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Gəncə karvansaraları arasında bu karvansara ən nüfuzlu və qonaqpərvər yerlərdən biri hesab edilib. Gəncə şəhərinin tarixi karvansaralarının bərpasından sonra bu məkanlar yenə qonaqpərvərlik irsimizin təbliğində, turizm məqsədləri üçün istifadədə mühüm rol oynaya biləcək.

Anar BURCƏLİYEV

Photogallery

 1552660295  1552659999

Hadisə