Çərşənbə axşamı 17 Sentyabr 2019

Təhsil

Rumıniyanın səfiri Gəncə Dövlət Universitetinə səfər edib

Gülnar Fazilqızı - 15/05/2019

Səfirlə görüşən Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov qonağı salamlayıb, universitetin tarixi və son illərdəki nailiyyətləri haqqında məlumat verib. Bildirilib ki, hazırda respublikamızın qərb bölgəsində ən böyük ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universiteti təhsilin bütün pillələrində yüksək ixtisaslı pedaqoji kadrlar hazırlayan ali təhsil müəssisəsidir. Bu sahədə böyük təcrübəyə malik universitetin 80 illik yubileyi ötən il böyük təntənə ilə qeyd edilib.

Həmin gün universitetin 5-ci – ən böyük tədris binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Qeyd edilib ki, 5-ci tədris korpusunda həm alimlərin elmi yaradıcılıqla məşğul olması, həm müəllimlərin tədris prosesini yüksək səviyyədə həyata keçirməsi, həm də tələbələrin öz ixtisasları üzrə daha peşəkar kadrlar kimi yetişməsi üçün bütün şərait yaradılıb. Tədris korpusunun binası müasir elmin və təhsilin tələblərinə uyğun yenidən qurulmaqla yanaşı, burada Nuru Paşa adına Kitabxana, Aleksandr Düma adına Fransa-Azərbaycan Mədəniyyət Mərkəzi, Əlil Tələbələr üçün Mərkəz, Müasir Təlim Mərkəzi, E-Mərkəz, həmçinin universitetin tarixi keçmişini və bütün uğurlarını özündə əks etdirən Muzey fəaliyyətə başlayıb.

Rektor səfir Dan İankuya GDU-nun beynəlxalq əlaqələri haqqında da məlumat verib. Bildirilib ki, hazırda GDU dünyanın, xüsusən də Avropanın qabaqcıl elm mərkəzləri və universitetləri ilə ikitərəfli, faydalı əməkdaşlıq edir. Avropanın təhsil məkanına inteqrasiyanın və həmin universitetlərin mütərəqqi təcrübəsinin GDU-da tətbiqinin vacibliyindən danışan professor Yusif Yusibov bu məqsədlə universitetdə İnnovasiyalar departamentinin yaradıldığını deyib.

Qeyd edilib ki, məhz İnnovasiyalar departamentinin təşəbbüsü və səyi ilə Gəncə Dövlət Universiteti Avropanın bir çox universitetləri ilə beynəlxalq layihələrdə iştirakçı kimi fəal əməkdaşlıq edir.

GDU-nun əsasən Avropa Komissiyasının təklif etdiyi proqramlarda aktiv fəaliyyət göstərdiyini deyən rektor Yusif Yusibov Rumıniyanın universitetləri ilə də əməkdaşlığın universitet üçün əhəmiyyətli olacağını vurğulayıb.

Səmimi qəbula görə təşəkkür edən Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku universitetdə olmaqdan məmnunluğunu ifadə edib. O, Azərbaycanda diplomatik fəaliyyətə başladığı gündən dövlətlərimiz arasında ikitərəfli əlaqələri inkişaf etdirmək haqqında düşündüyünü, xüsusən də təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin təşkil olunması, universitetlərarası əlaqələrin qurulması haqqında fikir mübadiləsi aparılıb.

Photogallery

DSC 2830 700x500 DSC 2836 700x500 DSC 2829 700x500

Hadisə