Çərşənbə axşamı 25 İyun 2019

Mədəniyyət

Gəncədə 'GƏNC ISTEDAD' adlı festival keçirilib

Gülnar Fazilqızı - 21/05/2019

Ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə əlqədar olaraq Gəncədə ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin iştirakı ilə "Gənc istedad" adlı festival keçirilib. Festival Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Baş İdarəsi və Gəncə Dövlət Regional Kolleci TGT-nın təşkilatçılığı ilə reallaşıb.

Aprel-mart aylarını əhatə edən festival 3 nominasiya üzrə baş tutub. Gənclər “Bədii qiraət”, “Xalq mahnısı və vokal”, “Rəsm” nominasiyaları üzrə öz istedadlarını nümayiş etdiriblər. Festival 4 mərhələdə reallaşıb. Belə ki, ilkin olaraq “Bədii qiraət”, “Xalq mahnısı və vokal”, “Rəsm” nominasiyaları üzrə seçim turları keçirilib. Bu turlarda münsiflər heyətinin rəğbətini qazanan gənclər finala vəsiqə qazanıblar.

"Gənc istedad" festivalının yekun – final mərhələsi isə Gəncə Dövlət Regional Kollecinin akt zalında baş tutub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başcısının müavini Vəfa Abbasova, Gənclər və İdman Baş İdaərsinin rəisi Müşfiq Cəfərov, kollecin rəhbərliyi və digər qonaqlar iştirak ediblər. Çıxışlar zamanı gənc istedadların üzə çıxarılmasının vacibliyindən söz açılıb, bu cür layihələrin gənclərə əlavə stimul verdiyi, onlarda ruh yüksəkliyi yaratdığı qeyd edilib.

Final mərhələsində hər nominasiya üzrə qalib gəlmiş iştirakçılara qiymətli hədiyyə və diplomlar təqdim olunub.

Məlumat üçün bildirək ki, “Gənc istedad” festivalının layihə rəhbərləri Gəncə Dövlət Regional Kollecinin tələəbləri - Ayişə Osmanlı və Fəridə Zeynalovadır.

 

 

Hadisə