Çərşənbə axşamı 25 İyun 2019

Mədəniyyət

Əməkdar artist Nağəddin Məmmədov ilə vida mərasimi keçirilib

Sənubər Qocayeva - 23/05/2019

Gəncə Dövlət Kukla Teatrında Respublikanın əməkdar artisti Nağəddin Məmmədov ilə vida mərasimi keçirilib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, Gəncə Regional Mədəniyyət İdarəsinin direktoru Sənan Hacıyev, teatrın direktoru Fərmayıl Paşayev, mərhumun ailə üzvləri və sənət yoldaşları iştirak ediblər.

Aktyorun 30 ildən çox çalışdığı teatr səhnəsinə qoyulmuş cənazəsi onünə Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Dövlət Kukla Teatrı  adından əklil və gül dəstələri düzülüb.

Şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən vida mərasimində əvvəlcə mərhumun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vida mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova çıxış edərək şəhər rəhbəri adından mərhumun ailə üzvlərinə və çalışdığı kollektivə başsağlığı verib. O bildirib ki, onun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən daim qiymətləndirilib və aktyor əməkdar artis fəxri adınadək yüksəldilib. Onun canlandırdığı obrazlar balacalar tərəfindən daim maraqla qarşılanıb və sevilib. Vəfa Abbasova vurğulayıb ki, Nağəddin Məmmədovun vəfatı ölkə, ələxüssus da Gəncə mədəniyyəti üçün ağır itkidir.

Gəncə Regional Mədəniyyət İdarəsinin direktoru Sənan Hacıyev çıxışında Nağəddin Məmmədovun Azərbaycan mədəniyyətində özüünəməxsus yeri və xidmətləri olduğunu söyləyib. Sənan Hacıyev qeyd edib ki, Mədəniyyət Naziri Əbülfəs Qarayev tərəfindən teleqram ünvanlanıb. Teleqramda mərhumun ailə üzvləri və teatrın kollektivinə dərin hüznlə başsağlığı verilir.

“Gəncə Dövlər Kukla Teatrı bu günki kimi kədərli və qüssəli olmayıb”. Bu fikirləri isə teatrın direktoru Fərmayıl Paşayev səsləndirib. O qeyd edib ki, teatr ən dəyərli və sevimli aktyorunu itirib. “Nağəddin Məmmədov işlədiyi müddət ərzində kollektivdə  özünə hörmət qazanmış, kiçik tamaşaçıların hər zaman sevimlisi olmuşdur. Kukla teatrına gələn bütün balaca tamaşaçılar hər zaman onun gülərüzünü, gözəl çöhrəsini görməyə gəlirdi”, - deyə Fərmayıl Paşayev bildirib və əlavə edib: “Nağəddin Məmmədov səhnədə olmağı, uzun müddət səhnədə qalmağı çox sevirdi. Lakin təəssüf ki, bu gün biz onu burada çox saxlaya bilməyəcəyik”.

Əməkdar artist Xudayət Əsgərov yalnız sənət yoldaşını deyil, 30 il çiyin-çiyinə çalışdığı ən yaxın dostunu itirdiyini söyləyib və sözlərinə əlavə edib: “Nağəddin çox gözə insan, sədaqətli dost idi. Öz boynuna düşən bütün rolların öhdəsindən layiqincə gələn aktyorlardan idi. Lakin son tamaşasını tamamlaya bilmədi. Xəstəlik imkan vermədi”.

Gəncə Dövlət Kukla Teatrının aktrisası Mahirə Haqverdiyeva Nağəddin Məmmədovun yaxşı sənətçi olmaqla yanaşı, gözəl ailə başçısı, yaxşı dost olduğunu bildirib. “Mən onunla çox uzun müddət çalışmışam. Onu sevən izləyicilərə, bütün kiçik tamaşaçılarımıza başsağlığı verirəm. O bütün balacaların sevimlisi idi”.

Sənət yoldaşları çıxışları zamanı Nağəddin Məmmədovun  Gəncə  teatrına verdiyi töhvələrdən, ömür yolundan danışıblar və əməkdar artistin yoxluğunu Azərbaycan mədəniyyəti üçün itki kimi dəyərləndiriblər.

Vida mərasimindən sonra aktyorun cənazəsi sənətsevərlərin alqışları altında doğma teatrın səhnəsindən son mənzilə yola salınıb.

Qeyd edək ki, Məmmədov Nağəddin Ağarza oğlu 1967-ci ildə Göygöl rayonunda anadan olub. 1987-ci ildən Gəncə Dövlət Kukla teatrına işıqçı kimi çalışıb, sonra aktyor kimi fəaliyyətə başlayıb. 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb.

İşlədiyi müddətdə 100-dən çox tamaşalarda yaddaqalan obrazlar canlandırıb. O, bir çox beynəlxalq festivallarda uğurla çıxış edib. Əməkdar artist Nağıddin Məmmədov eyni zamanda ictimai işləri ilə də fərqlənirdi. Gəncə keçirilən şəhər tədbirlərində yaxından iştirak edirdi. Yeni Azərbaycan Partiyasının üzvü, həmçinin Gəncə Dövlət Kukla Teatrı üzrə YAP-ın əlaqələndiricisi idi.

Allah rəhmət eləsin!

Photogallery

PS2A3745 PS2A3774 (1) PS2A3722 PS2A3818 PS2A3815 PS2A3881

Hadisə