Cümə günü 19 İyul 2019

Siyasət

Dağlıq Qarabağ problemi olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edərdi

Sənubər Qocayeva - 21/06/2019

Bəşəriyyət inkişaf etdikcə, təəssüflər olsun ki, biz dünyada qaçqın və məcburi köçkünlərin sayının artmasını görürük.

Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib: “Bu bizim hər birimizi düşündürməli olan problemdir. Bu gün dünyada demokratik dəyərlər haqqında 100 il bundan əvvəlkindən çox danışılır, ancaq dünyada qaçqınların sayı artmaqdadır”.

Baş nazirin müavini bildirib ki, dünyanın malik olduğu sərvətlər bütün insanların firavan yaşaması üçün yetərlidir, lakin dünyada baş verən ədalətsizliklər buna imkan vermir.

Ə.Əhmədov vurğulayıb ki, gərək dünya səylərini birləşdirib qaçqın və məcburi köçkünlərin sayının artmasının qarşısını alsın.

Onun sözlərinə görə, Azərbaycan qaçqın və məcburi köçkün problemindən ən çox əziyyət çəkən ölkələrdən biridir.

Baş nazirin müavini deyib ki, ATƏT-in Minsk qrupu 30 ilə yaxındır münaqişənin həllinə çalışır. Minsk qrupu bu müddət ərzində bir sıra işlər görsə də, bunun məcburi köçkünlərin həyatına heç bir təsiri olmayıb:

“Ermənilərin törətdiyi separatçı əməllərinə görə bir milyondan artıq Azəybaycan vətəndaşı 30 ilə yaxındır ki, qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcburdur. Azərbaycan hökuməti malik olduğu vəsaitlərin əhəmiyyəti bir hissəsini məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəltmək məcburiyyətindədir”.

Ə.Əhmədov qeyd edib ki, əgər bu problem olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edərdi, insanlar daha firavan yaşayardı.

O bildirib ki, dünya bu məsələyə ədalətlə yanaşmalı, münaqişələrin həlli üçün səylərini birləşdirməlidir.

Hadisə

Cəmiyyət