Cümə axşamı 17 Oktyabr 2019

Elm

Gəncə dünya şərqşünaslarının simpoziumunda təmsil olunub

Sənubər Qocayeva - 11/07/2019

Bakıda dünya Şərqşünas alimlərinin “İslam Sivilizasiyası Qafqazda” mövzusunda II Beynəlxalq Simpoziumu keçirilir.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyi ərəfəsində keçirilən tədbirdə Türkiyə, Rusiya, Avstraliya, ABŞ, Misir, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Moldova, Bolqarıstan, Özbəkistan, Ukrayna və digər ölkələrdən 100-dən artıq görkəmli alimlər iştirak edirlər. 

Beynəlxalq Simpozium Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

Simpoziumda İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru, professor Halit Eren, Türkiyənin “İzmir Katip Çelebi” Universitetinin rektoru, professor Saffet Köse, Rusiyanın Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov, Bolqarıstan İslam Akademiyasının rektoru, professor Daniyar Abdrəhmanov, Rusiya İslam İnstitutunun rektoru, professor Rafiq Muxametşin, Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru, professor Şuhrat Yovkoçev, Rus-Ərəb Tədqiqatları və İnformasiya Fondunun direktoru Məcid Əbdüləziz əl-Turki kimi tanınmış Şərqşünas alimlərin məruzələrlə çıxış etmələri nəzərdə tutulur.

Gəncə şəhəri ilk dəfə olaraq bu mötəbər elmi tədbirdə təmsil olunur. Şəhərimizi Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədr müavini, AMEA Gəncə Bölməsinin baş mütəxəssisi Elnur Həsənov təmsil edir. Elm üzrə Prezident mükafatçısı E.Həsənov simpoziumda “Significance of Islamic historic-architectural monuments in research of multicultural traditions of Ganja” (Gəncə şəhərinin multikultural dəyərlərinin tədqiqində İslam dövrü tarixi-memarlıq abidələrinin əhəmiyyəti) mövzusunda məruzə və təqdimatla iştirak edir.

Beynəlxalq Simpozium iyul ayının 13-ə qədər işini davam etdirəcəkdir. Bu müddətdə “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”, “Qafqazda İslam elmlərinin inkişafı”, “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı”, “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu”, “Qafqazda İslamın yayılması”, “Qafqazda multikulturalizm”, “İslam sivilizasiyası Qafqazda araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”, “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”, “Çar Rusiyasının Qafqazda İslam siyasəti”, “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” mövzularında bölmə iclaslarında 200-ə qədər elmi məruzənin dinlənilməsi nəzərdə tutulur.

Hadisə