Cümə axşamı 17 Oktyabr 2019

Mədəniyyət

Xan Şuşinskinin qızı: Azərbaycan dövləti, Prezidentimiz sənətə, sənətkara yüksək dəyər verir

Surxay Məmmədzadə - 04/10/2019

Seyid Şuşinski dahi sənətkar olmaqla bərabər, böyük ustad, görkəmli pedaqoq idi.

Azərbaycan musiqi mədəniyyəti tarixinə öz adlarını qızıl hərflərlə həkk etmiş ustad sənətkarlarımız Əlibaba Məmmədov, Zeynəb Xanlarova, İslam Rzayev, Arif Babayev və digərləri Seyid Şuşinskinin tələbələri olub. Bu gün səhnəmizdə sözünü deyən istedadlı gənclərimiz Seyid Şuşinskinin nəvələridirlər.

Bu sözləri Horadiz şəhərindəki Muğam Mərkəzində dahi muğam ustadı Seyid Şuşinskinin anadan olmasının 130 illiyinə həsr edilmiş yubiley tədbirində iştirak edən Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva deyib.

Xan Şuşinski ilə Seyid Şuşinskinin yaxın dostluğundan danışan B.Verdiyeva bildirib: "Seyid Şuşinski mənim atam Xan Şuşinskinin çox yaxın dostu olub. O, tez-tez bizə gələrdi. Onun bizə gəlişi toy-bayrama çevrilərdi. Hər iki ustad bir-birinə böyük hörmətlə, rəğbətlə yanaşardı. Atam danışardı ki, bir dəfə Cabbar Qaryağdıoğlu Bakıda ona zəng edib, “Xan, tarçalanını da götür gəl bizə”, - deyib. Atam qardaşı Allahyarı da götürüb, gedib Cabbar Qaryağdıoğlugilə. Görüb ki, Seyid Şuşinski də buradadır. Atama deyiblər ki, "Qarabağ şikəstəsi"ni, "Şuşanın dağları"nı ifa etsin. Atam oxuduqca hər ikisi kövrəlib, ağlayıb. Atam oxuyub qurtarandan sonra soruşub ki, niyə belə kövrəliblər? Deyiblər ki, qocalmışıq, ayağımızda taqət yoxdur Qarabağa getməyə. Ürəyimiz Vətənimiz Qarabağı istəyir. Fikirləşdik ki, biz qocalsaq da, Xanın səsi bizi Qarabağa aparar. Sanki Qarabağı gəzdik gəldik".

Bəyimxanım Verdiyeva ölkəmizdə muğam sənətinə, sənətkarlara göstərilən dövlət qayğısını yüksək qiymətləndirərək deyib: "Bu gün Azərbaycan dövləti, Prezidentimiz İlham Əliyev sənətə, sənətkara yüksək dəyər verir. İstər istedadlı gənclərimiz, istərsə də ustad sənətkarlarımız dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Dünyasını dəyişmiş sənətkarlarımızın xatirəsi dövlətimiz tərəfindən hər zaman qiymətləndirilir. Bu gün Horadizdə belə bir tədbirin keçirilməsi dövlət başçısı İlham Əliyevin sənətə, sənətkara verdiyi dəyərin bariz nümunəsidir. Bugünkü səhnədə Xalq artisti tarzən Fikrət Verdiyevin rəhbərliyi ilə istedadlı gəncləlrimiz çıxış edirlər. Onlar hamısı Seyid Şuşinskinin övladları, nəvələridirlər. Bu gün Azərbaycan muğamı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın zəhməti sayəsində dünyanın möhtəşəm konsert salonlarında çox böyük uğurla ifa olunur. UNESKO-da bizim muğamımız, tarımız tanıınır. Biz bununla fəxr edirik. Var olsun dövlətimiz, var olsun sənətə, sənətkara qiymət verən xalqımız".

Azərtac

Hadisə