Cümə axşamı 17 Oktyabr 2019

Təhsil

GDU-nun “Antivarron” layihəsi 1-ci yerə layiq görülüb

Gülnar Fazilqızı - 10/10/2019

Müsabiqədə Gəncə Dövlət Universitetinin “Antivarron” layihəsi 1-ci yerə layiq görülərək 6 min manat pul mükafatı qazanıb.

Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin, “Startap Azərbaycan” və “İNNOLAND” Akselerasiya Mərkəzi tərəfindən həyata keçirilən “AgroX” startap müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, nazirliyin tabeli qurumlarının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, “AgroX” müsabiqəsinin əsas məqsədi aqrar sahədə innovasiyaların təşviq edilməsi və tətbiqinə, aqrar startapların inkişafına, innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə və aqrar idarəetmənin təkmilləşdirilməsinə dəstək göstərməkdir.

May ayından start götürmüş “AgroX” innovasiya proqramı üzrə müsabiqəyə 52 layihə təqdim olunub. Münsiflər heyətinin qərarına əsasən 12 layihə texniki-iqtisadi baxımdan məqbul sayılaraq növbəti mərhələyə buraxılıb.

Daha sonra “AgroX” İnnovasiya Proqramı çərçivəsində görülmüş işlərə yekun vurulub, 12 aqrar startapçılar  arasında keçirilən müsabiqənin nəticələri açıqlanıb.

Belə ki, bu müsabiqədə Gəncə Dövlət Universitetinin “Antivarron” layihəsi 1-ci yerə layiq görülərək 6 min manat pul mükafatı qazanıb.

Bu qələbə ilə  bağlı  başda  rektor olmaqla bütün kollektivi və Gəncə Dövlət Universitetinin komandasını ürəkdən Təbrik edirik!

Hadisə