Cümə günü 15 Noyabr 2019

İdman

Basketbol üzrə Azərbaycan Super Liqasına start verilib

Gülnar Fazilqızı - 11/10/2019

Açılış matçında "Zirvə Astara" və "Gəncə" komandaları üz-üzə gəlib

"Sərhədçi" İdman Olimpiya Mərkəzində basketbol üzrə kişilər arasında XXVII Azərbaycan Super Liqası start götürüb.

Görüşü minədək tamaşaçı ilə yanaşı, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov və "Zirvə" Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov da izləyib.

Görüş heyətində 3 legioneri olan "Gəncə"nin üstünlüyü ilə başlayıb. Lakin tezliklə təşəbbüsü ələ alan "Zirvə Astara" təcrübəli basketbolçuları Zaur Paşayev, Azər Sarıyev və Ender Poladxanlının dəqiq atışları sayəsində ilk periodda böyük fərq yaxalayıb - 27:9. Növbəti periodlarda da üstünlüyünü əldən verməyən Astara komandası 77:56 hesablı qələbəyə nail olub.

Qeyd edək ki, region klublarının da qatıldığı Azərbaycan Super Liqasında 8 komanda mübarizə aparır. "Zirvə Astara" və "Gəncə"dən başqa "Atletik”, "Atom", "Sərkərdə", "Sıçrayış", "80-lər" və "Xırdalan" da çempionatda çıxış edəcək. Oktyabrın 12-də Azərbaycan Dövlət Texniki Universitetində keçiriləcək ilk turun digər görüşlərində "Sərkərdə" "Atom"la, "Xırdalan" "Atletik"lə, "Sıçrayış" "80-lər"lə üz-üzə gələcək.

Ötən illərlə müqayisədə çempionatda yeni reqlament tətbiq olunub. Komandalar dairəvi sistemlə 3 dövrədə üz-üzə gələcək, daha sonra hər bir iştirakçının qatılacağı pley-off başlayacaq. Əsas mərhələdə 1-ci olan 8-ci ilə, 2-ci 7-ci ilə, 3-cü 6-cı ilə və 4-cü 5-ci ilə mübarizə aparacaq. 1/4 finalın qalibləri mükafatlar uğrunda mübarizəni davam etdirəcəklər. Çempionun adı mayın sonu və ya iyunun əvvəlində bilinəcək.

Ən çox oxunan

Hadisə