Bazar günü 8 Dekabr 2019

Elm

Texnika üzrə elmlər doktoru, professor Ziyad Abbasovun 80 yaşı tamam olur

Gülnar Fazilqızı - 17/10/2019

Texnika üzrə elmlər doktoru, professor, Respublikanın "Əməkdar ixtiraçısı", "Əməkdar kənd təsərrüfatı işçisi", Rusiya Aqrar Elm və Təhsil Akademiyasının müxbir üzvü Ziyad Mehralı oğlu Abbasov 200-dən çox elmi əsərin, 2 monoqrafiyanın, 2 dərslik və 30-dan çox ixtira və patentin müəllifidir. Onun müəllifi olduğu "Kənd təsərrüfatı maşınqayırma texnologiyası" adlı dərsliyinin ikinici nəşri azərbaycan və ingilis dillərində Almaniyada dərc edilib.

Ziyad Abbasovun yaratdığı enerji resurs və torpaqqoruyucu texnologiya və maşınlar kompleksi SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının qərarı ilə 1986-1995-ci illər üzrə SSRİ miqyasında perspektiv maşınlar sisteminə daxil edilərək, Rusiya Federasiyasının Həştərxan və Volqoqrad vilayətlərində tətbiq edilmiş və tərəvəz-bostançılığın mexanikləşməsində "Azərbaycan Texnologiyası" adı ilə keçmiş SSRİ miqyasında tanınıb.

Onun elmi-pedaqoji fəaliyyəti dəfələrlə dövlət səviyyəsində yüksək qiymətləndirilib. O, ümumittifaq müsabiqənin laureatı, Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının qərarı ilə 7 dəfə zərbəçi əməyə görə döş nişanı və SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif edilib, işlərinin tətbiqinə görə 3 dəfə SSRİ Elmi-Texniki Cəmiyyətinin sədri, akademik A.Y.İşlinski tərəfindən fəxri diplomlara layiq görülüb.

1989-cu ildə Ziyad Abbasova "Azərbaycan Respublikasının Əməkdar İxtiraçısı" fəxri adı verilib.

Həmin il C.Cabbarlı adına "AZƏRBAYCANFİLM" kinostudiyasında müəllifin ssenarisi əsasında "Azərbaycan texnologiyası üzrə" adlı qısametrajlı film çəkilib. Eyni zamanda Respublika Dövlət Təbiəti Mühafizə Komitəsinin keçirdiyi müsabiqəyə görə ən yaxşı texniki təkliflər üçün ona pul mükafatı verilib.

Ziyad Abbasov müxtəlif vaxtlarda Gəncə şəhər sovetinin deputatı, şəhər icra hakimiyyətinin elm və təhsil komissiyasının üzvü, Gənc Alimlər Şurasının sədri, institut ictiması təşkilatlarının rəhbəri, ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyası Zaqafqaziya şöbəsinin üzvü olub.

O, 1990-cı il 20 Yanvar faciəsindən sonra Gəncə şəhərində ilk şəhidlər bağının salınması təşəbbüsü ilə çıxış edərək, kollektivin və özünün şəxsi vəsaiti hesabına müxtəlif təzyiqlərə və maneələrə baxmayaraq, 20 Yanvar şəhidlər bağın salınmasına nail olub.

O, 18 nəfər elmlər namizədi hazırlayaraq, özünün elmi məktəbini yaratmışdır.

Ziyad Abbasov 10 dekabr 1998-ci ildə Rusiya Aqrar Elm və Təhsil Akademiyasının müxbir üzvü seçilib.

Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2008-ci il tarixli sərəncamı ilə Abbasov Ziyad Mehralı oğluna "Azərbaycan Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi" fəxri adı verilib.

Qeyd edək ki, Ziyad Abbasov 1939-cu ilin oktyabr ayının 10-da Göyçə mahalının Kəsəmən kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1957-ci ildə İrəvan Kənd Təsərrüfatı Texnikumunda oxuyub, 1958-1963-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (hazırki Azərbaycan Aqrar Universiteti - ADAU) mexanikləşdirmə fakültəsində təhsil alıb.

Ganjanews.az kollektivi olaraq professor Ziyad Abbasovu 80 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür və can sağlığı arzu edirik.

 

Hadisə