Bazar günü 8 Dekabr 2019

Mədəniyyət

Gəncənin 'Xəmsə' rəqs kollektivi Ənənəvi Respublika Folklor Festivalında qalib olub

Gülnar Fazilqızı - 06/11/2019

Ənənəvi Respublika Folklor Festivalına yekun vurulub. Festivalının bağlanış mərasimi Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilib. Festivalda 80-dən çox kollektiv iştirak edib. Bağlanış mərasimində isə ən yaxşılar yer alıblar.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, Ölkəmizdə xalq yaradıcılığının inkişafına böyük əhəmiyyət verilir. Bu qayğı Azərbaycanda yeni formalaşan yaradıcılıq sənayesinin inkişafı baxımından olduqca vacib əhəmiyyət kəsb edir: “Sevindirici haldır ki, respublikamızın regionlarında xalq yaradıcılığı sahəsində çalışan kollektivlərin sayı artır. Ötən il 3 xalq yaradıcılığı kollektivi Xalq teatrı adına layiq görüldü. Bu o deməkdir ki, yaradıcılıq axtarışları davam edir. Həmçinin vurğulamaq istərdim ki, Ənənəvi Respublika Folklor Festivalı gələcəkdə də davam etdiriləcək. Bilirsiniz ki, Masallıda hər il beynəlxalq folklor festivalı keçirilir. Gələn il bu festivalın miqyasını daha da genişləndirmək niyyətindəyik. Məqsədimiz Azərbaycan xalqının əsrlər boyu yaratdığı ənənələri, xalq yaradıcılıq növlərini qoruyaraq gələcək nəsillərə ötürülməsini təmin etməkdir. Festivalın işinə ölkənin bütün bölgələrindən kollektivlər qoşularaq sübut etdilər ki, xalq yaradıcılığı ənənələrinin gələcəyi parlaqdır”.

Nazir festivalda ölkəmizdə yaşayan azsaylı xalqların da adət-ənənələrinin təmsil olunmasını yüksək qiymətləndirdi. Bildirdi ki, yaşlı nəsillə yanaşı, kollektivlərdə uşaq və gənclər də var. Onlar yaşlı nəsildən öyrənərək bu ənənələri gələcəyə aparırlar.

Əbülfəs Qarayev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalq yaradıcılığının inkişafına böyük önəm verdiklərini dedi: "Mədəniyyət Nazirliyinin qarşısında müvafiq tapşırıq və vəzifələr qoyulub. Biz xalq yaradıcılığı ilə bağlı yeni layihə və proqramlar hazırlayacağıq”.

Nazir çıxışının sonunda festivalın təşkilində əməyi keçənlərə təşəkkürünü bildirdi. Dedi ki, qədim dövrlərdən qorunan ənənələrin gələcəyə aparılması milli irsimizin qorunmasına xidmət edir.

Sonra festivalın qalib kollektivlərinə diplomlar təqdim edildi. Birinci yerin qalibinə ("Xəmsə" xalq kollektivi, Gəncə) diplomu nazir Əbülfəs Qarayev, ikinci yerin sahibinə (“Mel" kollektivi, Qusar) nazir müavini Rafiq Bayramov, III mükafatın qalibinə isə ("Zopu-zopu" kollektivi) Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Günel Aslanova təqdim edib.

Festivalda həmçinin ozan-aşıq sənətinin ən uğurlu nümayişi, multikultural dəyərlərin ən uğurlu nümayişlərinə görə fərqlənən kollektivlərə fəxri fərmanlar təqdim olunub.

Festivalın bağlanışı kollektivlərin konsert proqramı ilə davam edib.

Qeyd edək ki, respublikamızın paytaxt və regionlarında fəaliyyət göstərən folklor kollektivlərinə dəstək göstərilməsi məqsədilə bu ilin sentyabr-oktyabr aylarında Ənənəvi Respublika Folklor Festivalının seçim mərhələsi keçirilib. Həmin mərhələ çərçivəsində istedadlı uşaq folklor kollektivlərinin aşkar edilməsi, onlara dəstək göstərilməsi üçün müsabiqə təşkil edilib. Kollektivlərin məharətini nazirliyin əməkdaşları, həmçinin respublikanın tanınmış incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti müəyyənləşdirib.

Photogallery

275dbc3a74aacac 925dbc3a78228bd

Hadisə