Bazar günü 15 Dekabr 2019

Siyasət

Naqif Həmzəyev: 'İdman mərkəzləri açmaq istəyən sahibkarlara güzəştlər tətbiq olunsun'

Gülnar Fazilqızı - 15/11/2019

“Bu gün bizə təklif olunan dəyişikliklər, həqiqətən də, çox vacibdir. Mən bu dəyişiklikləri dəstəkləyirəm. Ümumiyyətlə, 2019-cu il Azərbaycan tarixində uğurlu islahatlar ili olaraq yadda qalacaq. Vergilər sahəsində əldə olunan uğurlar bizi sevindirir”.

Bunu parlamentin keçirilən plenar iclasında Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, xüsusilə də nağdsiz ödənişlərə marağın artırılması uğurlu nailiyyətlərdən biridir:

“Bununla yanaşı, biz unutmamalıyıq ki, daim vergi ödəyən və heç bir qanun pozuntusu etməyən sahibkarla digər sahibkarlar arasında rəqabət yaratmalıyıq. Onları həvəsləndirməliyik, çalışmalıyıq ki, sahibkarlar vergini sevərək ödəsinlər”.

N.Həmzəyev deyib ki, sağlam həyat tərzi tək Bakıda deyil, regionlarda da təbliğ edilməlidir: “Regionlarda yoqa mərkəzləri, fitnes mərkəzləri, idman klublarının sayının çox olması üçün çalışmalıyıq. Çox təəssüflər olsun ki, böyük gəlirlər çox olmadığı üçün sahibkarlar bu sahəyə maraq göstərmir. Mən Mikayıl müəllimdən xahiş edirəm ki, yoqa mərkəzləri, fitnes mərkəzləri, idman klubları açmaq istəyən gənc sahibkarlara vergi güzəştləri tətbiq olunsun. İnanıram ki, elə olan halda problemləri aradan qaldıra bilərik. Belə olduğu təqdirdə gənclərimiz idmana meyllənərlər, kütləvi şəkildə idmanla məşğul olanların sayı artar. Həm də sahibkarlar çalışarlar ki, idmana da yatırım etsinlər”.

Hadisə