Bazar ertəsi 21 Sentyabr 2020

İqtisadiyyat

Gəncə Avtomobil Zavodu respublikamızı müasir avtobus və elektrobuslarla təmin etmək gücündədir

Gülnar Fazilqızı - 23/01/2020

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (İB) Azərbaycanın bütün şəhər və rayonlarını müasir nəqliyyat vasitələri olan avtobuslarla və elektrobuslarla təmin etmək gücündədir. Əgər aidiyyatı qurumlardan sifarişlər olarsa müəssisəmiz tələbata uyğun istənilən modeldə olan şəhər arası və şəhərlər arası avtobusların yığımını həyata keçirə bilər”. Bu açıqlamanı jurnalistlərə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev verib.

Onun sözlərinə görə 2016-ci ildə ilk dəfə olaraq müəssisədə eksperimental olaraq “CNG” qaz mühərrikli avtobus yığıldı və cənab prezident İlham Əliyev Gəncə avtomobil zavodunda olarkən dövlət başçısına təqdim olundu. Bu avtobuslar həm ümumi qabaritinə görə, yanacaq sərfiyatına görə, həm də ekoloji cəhətdən təmiz  “Avro-5” standartına cavab verdiyindən Bakıda, həmçinin də Gəncə, Sumqayıt və digər şəhərlərdə istismarı əlverişlidir.

“Ölkə başçısına da təqdim etdiyimiz CNG mühərrikli avtobuslar 279 at gücündə Euro-5 Mercedes-Benz mühərrikinə və Allison avtomatik ötürmə sisteminə malik 276 m3 sıxılmış metanla (200 atmosfer təzyiqində) 600 km məsafəni təmin edən bir nəqliyyat vasitəsidir. Bu avtobuslarda nominal sərnişin tutumu təxminən 100 nəfər, oturacaqlar isə 26 nəfərdir. Burada əlillərin arabalarla minmələri və orada dayanmaları üçün xüsusi yerlər nəzərdə tutulub. Bundan başqa bu avtobuslarda sifarişçinin tələbinə uyğun olaraq manitorların quraşdırılması, sürücünün salonla əlaqə yaratması üçün xüsusi kameraların və səs qurğularının quraşdırılması mümkündür”, - deyə X. Fətiyev əlavə edib.

Müşahidə Şurasının sədri onu da bildirib ki, ötən il Azərbaycanda ilk dəfə olaraq ən sön texnologiyalarla təchiz olunan E-321 elektrobusların eksperimental yığımları həyata keçirilib. Bu nəqliyyat vasitələri bu gün bütün dünyada sürətlə tətbiq olunan elektrik enerjisi ilə işləyən ən müasir avtobuslardır: “Elektrobuslar həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji tam bərpa olunur”.  

Photogallery

WhatsApp Image 2020 01 23 At 13.24.34 WhatsApp Image 2020 01 23 At 13.24.33 WhatsApp Image 2020 01 23 At 13.24.33 (1)

İdman