Bazar günü 5 Aprel 2020

Elm

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin 70 yaşı tamam olur

Gülnar Fazilqızı - 31/01/2020

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin 70 illik yubileyi qeyd edilib. Yubiley tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, elm adamları və şəhər ziyalıları iştirak ediblər. Niyazi Bayramov yubilyarı təbrik edərək bildirib ki, Fuad Əliyev xalqına, millətinə layiqli övlad olmağa çalışan, onun yolunda hər cür fədakarlığa hazır olan insanlardandır. Fuad müəllim uzun illərdir ki, elm sahəsində çalışır, öz həyatını Azərbaycanda kimya sahəsinin inkişafına həsr edib.

O, elmi fəaliyyətlə yanaşı, şəhərin ictimai-siyasi həyatında da fəal iştirak edir. Daim dövlətə və dövlətçiliyə xidmət edən Fuad Əliyevi gəncəlilər bir ziyalı, bir ağsaqqal kimi sevir, hörmət edrilər. Onun elmi və ictimai fəaliyyəti gənclər üçün də örnəkdir.

Fuad Əliyevə Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına və elmin inkişafındakı xidmətlərinə görə 70 illik yubileyi münasibəti ilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Fəxri fərmanı təqdim edilib.

Təbrik nitqi ilə çıxış edən ADAU-nun rektoru İbrahim Cəfərov bildirib ki, Fuad Əliyev bütün Gəncə ziyalılarının hörmət etdiyi bir insandır. “O, Gəncənin yetişdirdiyi sayılıb, seçilən elm adamlarından biridir. Fuad müəllim Azərbaycan akademik mühitinin ən dəyərli alimlərindən biridir”.

Fuad Əliyevi gənclik illərindən tanıdığını qeyd edən GDU-nun rektoru Yusif Yusibov bildirib ki, akademik hələ universitet vaxtlarından öz həmyaşıdları arasında sayılıb, seçilirdi. “Ziyalı nəslin nümayəndəsi olan Fuad Əliyev, eyni zamanda çox humanist bir insandır”.

Uzun illər Fuad Əliyevlə birlikdə çalışan AMEA-nın Gəncə Bölməsinin İşlər İdarəsinin müdiri Rasim Tağıyev bildirib ki, Fuad Əliyev 180 elmi əsərin, 17 elmi ixtiranın və 10 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 7 kimya üzrə fəlsəfə doktoru, 3 elmlər doktoru hazırlanıb. “İnanırıq ki, Fuad Əliyev hələ uzun illər Qərb bölgəsində elmin inkişafına töhvələr verəcək”.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev göstərilən diqqətə və səsləndirilən təbriklərə görə minnətdarlığını bildirib. O qeyd edib ki, öz ömrünü elmə həsr edib. Bu sahədə əldə etdiyi nailiyyətlərə görə isə o, ilk növbədə Ulu öndər Heydər Əliyevə minnətdardır. “Məhz Ulu öndərin təhsil sahəsində göstərdiyi diqqət nəticəsində Gəncədə çox sayda elmlər doktoru, professor və akademiklər yetişib. Artıq 40 ilə yaxındır ki, Gəncədə fəaliyyət göstərirəm. AMEA-nın Gəncə Bölməsinin yaradılması, yeni kadrların hazırlanması, müxtəlif elmi tədqiqatların aparılması bizim borcumuz olub və bu sahədə işlərimiz davam edir”. Fuad Əliyevin elmin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Fuad Yusif oğlu Əliyev 1 fevral 1950-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub.

 1967-ci ildə Gəncə şəhərindəki 1 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub. 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda  mühəndis, elmi işçi vəzifələrində çalışıb. 1976-cı ildə həmin İnstitutda neft kimyası ixtisası üzrə qiyabi aspiranturaya daxil  olub və 1981-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirərək kimya elmləri namizədi alimlik dərəcəsi alıb.Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə 1981-ci ildə Kirovabad (Gəncə) Elm Mərkəzinə rəhbər təyin edilib. 1992-ci ildə neft kimyası sahəsində doktorluq dissertasiyasını müvəffəqiyyətlə  müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsinə  layiq görülüb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvüdür.

Fuad Əliyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2005-ci ildə “Tərəqqi” medalı, 2006-cı ildə “Əməkdar elm xadimi” fəxri adı, 2017-ci ildə isə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ganjanews.az saytının kollektivi adından Fuad Əliyevi 70 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və elmimizin tərəqqisi yolunda yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

Photogallery

G72A1376 G72A1378 G72A1341 G72A1355

İdman

Hadisə