Cümə axşamı 2 Aprel 2020

Elm

Gənc tədqiqatçı MDB-də “İlin peşəkar alimi” elan edilib

Sənubər Qocayeva - 06/02/2020

Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlət Birliyi (MDB) üzvü olan ölkələrin gənc alimlərinin Beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqədə Gəncə şəhərini gənc alim Elnur Həsənov təmsil edib. O, MDB-də “İlin peşəkar alimi” mükafatına layiq görülüb.

Elnur Həsənov “ПРОФЕССИОНАЛ ГОДА - 2020” adlı beynəlxalq müsabiqədə “Tarix elmləri” üzrə “Gəncə şəhərində birgə yaşayış mədəniyyəti ənənələrinin tədqiqinin innovativ əsasları” adlı elmi əsərini təqdim edib. Buna görə o, I Dərəcəli diploma layiq görülüb. 

Qeyd edək ki, ölkəmizi təmsil edən Elnur Həsənov mart ayında  Rusiyanın Sankt-Peterburq şəhərində müsabiqə qaliblərinin rəsmi mükafatlandırılma mərasimində təltif ediləcəkdir. Beynəlxalq müsabiqə 9 elmi bölmə üzrə keçirilib. 

Elmi tədbir MDB üzvü olan dövlətlərin Universitetlər Şurasının, Rusiya Elmlər Akademiyasının Gənc alim və mütəxəssislər Şurasının dəstəyi, Rusiyanın beynəlxalq “Elm və təhsil” nəşriyyatının, həmçinin “E-library” beynəlxalq elmi bazasının təşkilatçılığı ilə keçirilib. Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Moldova kimi ölkələrdən 100-ə qədər gənc alim və mütəxəssis müsabiqədə iştirak edib. Müsabiqənin münsiflər heyətinin üzvləri isə Türkiyə, Rusiya, Almaniya, Fransa, Belarus, Çexiya, Serbiya, Qazaxıstan, Rumıniya, Albaniyanın nüfuzlu elm xadimləridir.

Qeyd edək ki, Elnur Həsənov AMEA Gəncə Bölməsinin gənc alim və mütəxəssislər Şurasının sədri, həmçinin YAP Gəncə şəhər Təşkilatının sədr müavinidir.

İdman

Hadisə