Cümə axşamı 2 Aprel 2020

Səhiyyə

Sahibkarlara müxtəlif formada güzəştlər ediləcək – İbrahim Məmmədov

Surxay Məmmədzadə - 24/03/2020

İnfeksiyaya qarşı zəruri olan ləvazimatların ölkə daxilində istehsalını təşkil etmək zəruridir, amma bunu qısa zamanda həyata keçirmək mümkün deyil.

Bunu xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, sahibkarlara müxtəlif formada güzəştlər ediləcək ki, onlar muzdlu işçilərini saxlasın və sosial məsuliyyətini itirməsinlər.

“Bu gün Sədərək ticarət mərkəzinin rəhbəri bildirib ki, martın 15-dən aprelin 15-dək sahibkarlardan icarə haqqı alınmayacaq”.

İ.Məmmədov qeyd edib ki, restoranlar tərəfindən onlayn sifariş və evə çatdırılma mümkündür və bununla bağlı heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

İdman

Hadisə