Cümə günü 5 İyun 2020

Sosial

Naqif Həmzəyev: Ölkə Başçısının əfv fərmanı ali humanistlik siyasətinin daha bir təsdiqidir

Sənubər Qocayeva - 07/04/2020

Bu gün bəşəriyyət, böyük bir fəlakətlə, koronavirus (COVID-19) infeksiyası ilə üz-üzədir. Təəssüflər olsun ki, qlobal pandemiya Azərbaycandan yan keçmədi. Dövlətimizin prosesin başlanğıcında bu məsələyə ciddi yanaşması, vaxtında qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, belə bir çətin vaxtda koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı məhkumlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətindən kənarda qalmadı. Ölkə Başçımız dünyaya nümunə olacaq ali humanistlik, qayğıkeşlik nümunəsi göstərərək, 176 məhkumun əvf sərəncamına imza atdı. Sərəncamına əsasən 165 kişi və 11 qadının cəzanın çəkilməmiş hissəsindən azad edilməsi ölkəmizdə həyata keçirilən insanpərvər siyasətinin növbəti təzahürü oldu.

Ənənəvi olaraq, ölkə Prezidenti bayram günlərində, bir sıra əlamətdar tarixlərdə əfv sərəncamları imzalayardı. Bu dəfə fərqli bir vaxtda, ölkəmizin koronavirus pandemiyası kabusu ilə çarpışdığı vaxtda imzalanan əfv sərəncamı bir daha onu nümayiş etdirdi ki, statusundan, tutduğu mövqedən asılı olmayaraq hər bir ölkə vətəndaşı Prezident İlham Əliyevin diqqət mərkəzindən kənarda qalmır.

Ulu öndər Heydər Əliyevin humanizm ənənələrini davam etdirən dövlət Başçısının siyasi iradəsi və qətiyyəti nəticəsində imzalanan əfv sərəncamı nəticəsində 176 nəfər azadlığına, ailəsinə qovuşması, ailəsinə sevinc aparması ölkəmizdə həyata keçirilən humanizm siyasətinin parlaq nümunəsidir. Eyni zamanda dar gündə də, xoş gündə də vətəndaşının yanında olan, onların sevincinə də, kədərinə də şərik çıxan Prezidentimiz İlham Əliyevin həyat amalının xalqın maddi-rifahının, həyat şəraitinin, təhlükəsizliyinin təmin edilməsi olduğunun təsdiqidir.

 

Hadisə