Bazar günü 12 İyul 2020

Cəmiyyət

Mehriban xanım Əliyeva çox sadə bir mərama söykənib: Azərbaycan uşaqlarını bəxtəvər görmək

Gülnar Fazilqızı - 01/06/2020

Heydər Əliyev: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Bu səbəbdən də tarixən hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib.

Respublikamızda da bu mühüm məsələyə daim diqqət və qayğı ilə yanaşılır. Uşaqların hərtərəfli şəxsiyyət və layiqli vətəndaş olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, uşaqlar cəmiyyətimizin sabahıdır: “Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir”.

Ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması, onların bilikli, savadlı, geniş dünyagörüşə malik bir vətəndaş olaraq böyümələri istiqamətində mühüm işlər görülür. Bu sahədə Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi ilə vurğulanmalıdır. Həyata keçirilən tədbirlər əsl mərhəmət və humanistlik nümunəsidir.

Mehriban xanım Əliyeva ölkəmizin gələcəyini sağlam ruhlu, təhsilli, savadlı uşaqlarda görür: “Bizim ən böyük arzumuz, əlbəttə, uşaqlarımızı, gənclərimizi savadlı, təhsilli və sağlam görməkdir. Əlbəttə, bunun üçün bizim uşaqlar bu gün gərək çox yaxşı oxusunlar. Çünki hər bir gəncin, hər bir uşağın gələcəyi onun təhsilindən, savadından, biliyindən asılıdır. Ölkəmizin gələcəyini, sabahını siz—bugünkü gənclər, bugünkü uşaqlar təmin edəcəksiniz. Ona görə bu gün sizin ən vacib borcunuz yaxşı təhsil almaqdır. Müasir dünyanın çağırışlarına cavab vermək üçün siz gərək hərtərəfli savada və biliyə malik olasınız. Siz gərək öz Vətəninizi sevəsiniz, vətənpərvərlik ruhunda tərbiyə olunasınız, eyni zamanda, bütün dünyaya açıq olasınız”.

Mehriban xanım Əliyeva “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” – devizini rəhbər tutaraq, çox sadə bir mərama söykənib: Azərbaycan uşaqlarını bəxtəvər görmək. Onun çoxşaxəli fəaliyyətində uşaqlara qayğı daim həlledici yer tutub və hazırda bütün uşaqlar bu sevgini və qayğını hiss edirlər.

Təsadüfi deyil ki, Heydər Əliyev Fondu yaradıldıqdan sonra ilk ən böyük tədbir uşaqlarla bağlı oldu. 2004-cü ilin sentyabrında 30-a yaxın uşaq evi və internat məktəbində tərbiyə alan kimsəsiz və istedadlı uşaqlar fond tərəfindən sevindirildi – Səttar Bəhlulzadə adına sərgi salonunda onların “Mən Azərbaycanı sevirəm” adlı sərgisi təşkil edildi. Elə həmin tədbirlə də uşaq evi və internat məktəblərinə qayğının təməli qoyuldu.  “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində əsaslı təmir və yenidənqurma işləri aparıldı.

Fondun həyata keçirdiyi “Yeniləşən Azərbaycana – yeni məktəb”, “Təhsilə dəstək”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi” hayihələri, habelə Bakıda Talassemiya Diaqnostika Mərkəzinin, Qan Bankının yaradılması da gələcəyimiz olan uşaqların hərtərəfli qayğı ilə əhatə olunduğunu bir daha sübut edir.  Heydər Əliyev Fondunun uşaqlarımızın sağlamlığı üçün atdığı mühüm addımlardan biri də “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsidir. Bu layihə, ilk növbədə, xalqımızın genefondunun qorunması kimi mühüm və son dərəcə ali məqsədə xidmət edir.

Heydər Əliyev Fondu tərəfindən “Buta” sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində uşaqlar üçün şənliyin təşkil edilməsi də artıq ənənə halını alıb. Şənliyə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar dəvət alırlar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyevanın qatıldığı bayram şənliyində 2 mindən çox uşaq və məktəbli iştirak edir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qeyd edilən sahədə həyata keçirdiyi nəcib missiya onu bütün Azərbaycan uşaqlarının ən yaxın dostuna və böyük himayədarına çevirib. Mehriban xanım Əliyevanın mərhəmət və humanistlik nümunəsi, milli-mənəvi dəyərlərimizin qorunmasındakı misilsiz fəaliyyəti ümummilli lider Heydər Əliyev siyasi məktəbindən, ulu öndərin ideyalarından bəhrələnir.

Azərbaycanın birinci xanımının gündəlik fəaliyyətini bu prinsiplər təşkil edir: Vətənə bağlılıq, millətinə, xalqına sonsuz məhəbbət, xəstə və kimsəsiz uşaqlara qayğı, zəngin mədəniyyətimizə dərin hörmət, bir sözlə, insanlıq və bəşəri duyğular naminə fədakarlıq.

Photogallery

2a28be4d C217 46ea B8b8 E788136879db 66daea1b 6939 4df3 988f 7b31d2bb57d6 984280aa Bd3e 4aa8 B2a0 A48e071ae8de 7c84b00c C040 45d5 B4fd 3876c1787797 Fd5e2b91 44eb 4ba8 9a89 3b71769e0a1a 7d83c3af Ce45 40ae 9822 B7ddaac656b9 14744906 B0de 4cd6 9938 D637a360e34f

Hadisə