Bazar günü 12 İyul 2020

Cəmiyyət

Müşfiq Cəfərov: Sosial şəbəkələrin hüquqi baxımdan tənzimlənməsi zəruridir

Gülnar Fazilqızı - 05/06/2020

Müşfiq CƏFƏROV: “İnternetin bəşəriyyətə təqdim etdiyi sərhədsiz imkanlar nəzarətsiz istifadə olunduğu təqdirdə, insanlığın məhvinə gətirib çıxara bilər”

Artıq sosial şəbəkələr internet istifadəçilərinin əksəriyyətinin həyatının ayrılmaz  hissəsinə çevrilib. Sosial şəbəkə istifadəçilərinin sayının artan xətlə çoxalmasının əsas səbəblərindən biri də bu platformalarda xidmətlərin pulsuz təqdim edilməsidir. Əvvələr istifadəçilər haqqında danışarkən müəyyən yaş qruplarını aid edirdiksə, indi isə cəmiyyətin müxtəlif yaş kateqoriyalarından olanlar, o cümlədən uşaqlar və yeniyetmələr də sosial şəbəkələrin imkanlarından geniş istifadə edirlər deyə bilərik. Hər bir ölkədə sosial münasibətlər qanun əsasında qurulur. Əgər onlar bir-birinə qarşı hansısa təhqirə yol verirlərsə, qanun işə düşür. Lakin internet üzərindən virtual sosial şəbəkələrin meydana gəlməsi artıq qanundankənar mühit yaradır. Sosial şəbəkələrin bu gün yaratdığı ən böyük problem məhz qanundankənar mühitin olmasıdır. 

Bunu açıqlamasında deputat Müşfiq Cəfərov bildirib.

“Müasir və qloballaşan cəmiyyətdə fərdin iki kimliyi mövcuddur. Bunlardan biri milli kimlik, digəri isə “virtual kimlik”dir. Çox vaxt virtual kimlik milli kimliyi üstələyir və milli kimliyi məhvə gətirib çıxarır”-deyən deputat bildirib ki,müasir dövrdə əksəriyyət sosial aləmdən kommunikasiya vasitəsi kimi istifadə etməklə yanaşı, həmçinin cəmiyyətə təsir kanalı kimi də istifadə olunur:

“Çox sayda istifadəçisi olan sosial struktur insanlara rahatlıq və azadlıq verir. Sanki bu səbəbdən də, xüsusilə anonimliyin qorunması insanlarda güvən hissi yaradır. Bu xüsusiyyətlərdən irəli gəlir ki, insanlar sosial aləmdə istədikləri ideologiyanı təbliğ və ya  tənqid edirlər. Sosial resurslar informasiya platforması olmaqdan çıxıb, ictimai-siyasi təsir və idarəetmə aləti, qarşıdurma və informasiya müharibəsi meydanına çevrilib”.

M.Cəfərov qeyd edib ki,virtual aləmin bizə verdiyi imkan və azadlıqlardan sui-istifadə edilməsi halları çox rast gəlinən mənzərədir:

“Bunun nəticəsidir ki, bir çox istifadəçilərin şəxsi məlumatları oğurlanır və başqa məqsədlərlə istifadə olunur. Buna virtual cinayət və ya kibercinayət deyilir ki, hazırda sosial aləmin hüquqi baxımdan tənzimlənməsini də zəruri edir. Nəzərə alsaq ki, informasiya və texnologiya məkanları dünya liderləri, siyasətçilər, tanınmış professor və incəsənət xadimlərindən tutmuş, terrorçuların, radikal cərəyanların nümayəndələri və zərərli ideologiya daşıyıcıları kimi insanların ortaq yeridir, buna görə də deyə bilərik ki, virtual kimliklər gün ərzində faydalı məlumatlar almaqla  yanaşı, zərərli hesab etdiyimiz ideoloji təsirlərə də məruz qalmaqdan sığortalanmır. Bu səbəbdən də sosial şəbəkələr zorakılığın, radikalizmin və cəmiyyət üçün  zərərli ideologiyaların, fikirlərin yayılmasında böyük rol oynayır”.

Hadisə