Şənbə 8 Avqust 2020

Mədəniyyət

Azər Qəribov: 'Gəncəlilər tarixə heç vaxt xəyanət etmirlər'

Sənubər Göyüşqızı - 13/07/2020

"Atamın bir Gəncəli dostu var idi, mən uşaq olanda tez-tez gedirdik. Sonra öz dostlarım oldu, Gəncəyə gənc yaşlarında müstəqil getməyə başladım və elə o vaxtdandır ki, bu şəhəri sevirəm. 1988 ildə “İzvestiya" qəzetində mənim balaca bir məqaləm çıxdı və necə oldusa Gəncəyə öz tarixi adının qaytarılması təklifim senzuradan keçdi. Bundan sonra mən oldum Gəncənin sevimlisi"

Bu sözləri jurnalist Azər Qəribov Gəncəyə səfər edərkən öz Facebook səhifəsində paylaşıb. Paylaşımı olduğu kimi təqdim edirik:

"İllər keçdi o günlərdən, lakin mənim Gəncəyə qarşı münasibətim yalnız möhkəmləndi, eşqim bərkidi, sevgim mükəmməl oldu.

Gəncə çox unikal şəhərdir, Yelizavetpol da etmək istəyiblər onu, Kirovabad da olub, amma gəncəlilər öz şəhərlərini heç vaxt yad adlarla adlandırmırdılar, öz aralarında Gəncə həmişə elə Gəncə idi.

Gəncəlilərin ədəbazlıqları da möhtəşəm idi, "risovka" bacarığları da, səmimilikləri də, qonaqpərvərlikləri də.

Qonaq görəndə sanki çuəa gəlirdilər, ehtiras bürüyürdü onları: "ala bu kətəni də ye, bu qaymağdan da bir qaşıq dad, kəbab yadından çıxmasın". Gedəndə də "baqajnika" bir səbət qoyurdular ki: "elə bu küçə ilə düppələm düz getsən, çıxarsan Bakı yoluna, qadan alım".

İşlərimlə bağlı bu karantin dövründə getdim bir günlük Gəncəyə.

Çox təmiz gördüm şəhəri, çox səliqəli, insanlarını isə intizamlı.

Hətta deyərdim ki, bizdən də intizamlı görsəndilər mənə.

Növbədə durmağları, maska taxmaları, bircə gözüm dəyməsin, kimin üzərliyi var, yandırın.

Əfsanəvi küçələri ilə də gəzdim.

Gəncənin Tarqovusu indi Cavad Xan adlanır, amma bilirsiniz də, gəncəlilər tarixə heç vaxt xəyanət etmirlər, elə bu gün də onu Sabir küçəsi adlandırırlar.

Saq ol, mənim Gəncəm.

Saq ol ki, nikbinliyini, sabaha ümid ilə baxma bacarığını qoruyub saxlaya bilmisən, saq ol ki, səni bu qədər özünə yaxşı baxan, küçələrini bu qədər təmiz, niyətlərini bu qədər saf gördüm.

Çox heyif ki, karantinə görə Göygöl yolunda ləziz yeməklərdən dada bilmədim, həmin o kətədən, həmin o kəbablardan məhrum oldum.

Amma söz verirəm, bu bəladan qurtaraqn kimi, mən səndən əl çəkən deyiləm, kəsdirəcəm başının üstünü ki, di ver mənim doğma təamlarımı".

 https://www.facebook.com/azer.garibov/media_set?set=a.10158605663020842&type=3

Hadisə