Çərşənbə axşamı 29 Sentyabr 2020

Mədəniyyət

'Gəncənin səsi' qazetinin əməkdaşı Füzuli Rüzgar 'Tərəqqi' medalına layiq görülüb

Sənubər Qocayeva - 23/07/2020

Prezident İlham Əliyevin Sərəncamına əsasən bir sıra Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri peşə bayramı münasibətilə təltif ediliblər. Mükafatlandırılanlar arasında uzun illərdir "Gəncənin Səsi" qazetində çalışan Füzuli Qasımov da yer alıb. O, "Tərəqqi" medalına layiq görülüb.

Füzuli Rüzgar (Qasımov Füzuli İmran oğlu) 1948-ci ilin fevral ayının 17-də Gəncə şəhərində fəhlə ailəsində anadan olub. İlk olaraq «Azərbaycan Gəncləri», «Azərbaycan pioneri» qəzetlərində ştatdankənar müxbirlik edib. 1966-cı ilin fevral ayında «Daşkəsən» qəzetində çalışıb. 1973-cü ilin mart ayına qədər həmin qəzetdə müxbir, daha sonra isə şöbə müdiri işləyib. Sonralar Göygöl rayon qəzetində şöbə müdiri, məsul katib vəzifələrində çalışıb.  1967-1973-cü illərdə GDPİ-də  (hazırda GDU) ali təhsil alıb. 1974-cü ildə hərbi xidmətdən tərxis olunub  və əvvəlki işinə geri qayıdıb.  1977-ci ildə "Gəncənin səsi" qəzetində müxbir, şöbə müdiri, məsul katib vəzifələrində çalışıb. 1980-ci ildən AJB-nin nəzdində 2 illik Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 1978-ci ildə H.B.Zərdabi mükafatınına layiq görülüb.

Qeyd edək ki, Füzuli Qasımov Gəncənin ilk şəhidi Rüzgar Qasımovun qardaşıdır. Qardaşının xatirəsinə həsr etdiyi «Rüzigar» müstəqil qəzeti 2006-cı ildən fəaliyyət göstərir.

Füzuli Rüzgar hazırda "Gəncənin səsi" qəzetində çalışır. 

GanjaNews.az kollektivi adından Füzuli müəllimi təbrik edir, ona işlərində müvəffəqiyyətlər arzulayırıq!