Çərşənbə axşamı 29 Sentyabr 2020

Sosial

Prezident İlham Əliyev: Su həm həyatdır, həm inkişafdır, həm də təhlükəsizlikdir

Gülnar Fazilqızı - 26/07/2020

Azərbaycanda böyük sosial və infrastruktur layihələri icra edilir. Bu, iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Bu layihələrin icrası nəticəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olub. İnfrastruktur layihələri arasında prioritetlər hələ 16 il əvvəl müəyyən edilib və 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı qəbul olunanda açıq şəkildə ortaya qoyulub. Bundan sonra ölkədə infrastruktur təminatının yaxşılaşdırılması məqsədi ilə yol-nəqliyyat infrastrukturunun, elektrik, qaz və ən əsası su təchizatının yenilənməsi işlərinə başlanılıb.

İçməli su və meliorasiya layihələrinə xüsusi diqqət yetirilib və son illərdə bu sahədə böyük işlər görülüb. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idisə, bu gün bu rəqəm 70 faizə çatıb. Azərbaycanın əksər şəhərlərində içməli su-kanalizasiya layihələri icra olunub və işlər bu gün də davam etdirilir. Bu çərçivədə Gəncə şəhərinin də içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.

Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı)  birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilir. Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edən layihə, 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla, 450 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gəncəni içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarı seçilib. 

Layihənin icrasına 2011-ci ilin sentyabrında başlanılıb. Ötən müddət ərzində Göygöl su mənbəyində, məhsuldarlığı saniyədə 200 litr olan, yeni drenaj sistemi yaradılıb, Gəncədə həcmi 4000 kubmetr olan su anbarı tikilib. Mənbədən anbara 24 293 p/m məsafəsində 530 mm diametrində magistral su kəməri çəkilib.

Şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarı hesabına təmin olunacaq. Hazırda su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğu inşa edilir. Sutəmizləyici qurğudan şəhərə suyun verilməsi üçün 27500 p/m məsafədə 1400 mm diametrində magistral su kəməri çəkilib.

Gəncə şəhərində yaranacaq tullantı sular isə Samux rayonu ərazisində inşa ediləcək təmizləyici qurğuda zərərsizləşdiriləcək. Bu məqsədlə diametri 1600 mm olan çirkab su xətti də çəkilib.  

Layihə çərçivəsində Gəncə şəhərində 855 km içməli su və 813 km kanalizasiya şəbəkəsinin tikintisi nəzərdə tutulur. Hazırda layihənin 4-cü mərhələsi çərçivəsində şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir.

Əbəs yerə “su həyatdır” demirik. İnsanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Su resursları həm də ekoloji tarazlığa çox böyük təsir göstərir. Suyun çatışmazlığı ölkə iqtisadiyyatına, ən önəmlisi isə kənd təsərrüfatının inkişafına ziyan vura bilər.

Sözügedən məsələlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə də müzakirə olunub. Müşavirədə ölkənin su təsərrüfatındakı mövcud problemlər və  görüləcək işlərdən danışılıb.