Çərşənbə günü 30 Sentyabr 2020

Təhsil

Bu gün Gəncədə 4300-ə yaxın şagird birinci sinfə qədəm qoyur

Gülnar Fazilqızı - 15/09/2020

Bu gün Azərbaycanda “Bilik günü”dür. Ötən tədris illərindən fərqli olaraq, koronavirus pandemiyası ilə əlaqədar bu il məktəblərdə tədris hibrid dərs üsulu ilə aparılacaq. Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə təşkil olunacaq.

Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır.

Məlumat üçün bildirək ki, Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində 46 ümumtəhsil məktəbi və 1 məktəbdənkənar (Uşaq-Gənclər İnkişaf Mərkəzi) müəssisə fəaliyyət göstərir. Gəncənin ümumtəhsil məktəblərində şagird kontingenti 42 mindən çoxdur. Şagirdlərin təlim-tərbiyyəsi ilə 3500-dən artıq pedaqoji heyət məşğul olur.

2020-2021-ci tədris ilində Gəncənin 46 orta məktəbinin ibtidai siniflərində 18 minə yaxın şagird təhsil alcaq. Onlardan 4300-ə yaxını birinci sinfə qədəm qoyanlardır. Bu tədris ilində məktəbəhazırlıq qruplarına 2300-ə yaxın şagird qəbul olunub.  

Xatırladaq ki, 2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrində dərs prosesi müvafiq qaydalara əsasən həyata keçiriləcək. Siniflərdə şagirdlərin sayı 15 nəfərə qədər azaldılacaq və dərslər hər qrupda növbəli şəkildə tədris olunacaq. Proses qısaldılmış dərs vaxtı ərzində, parta arxasında tək-tək oturmaq şərti ilə reallaşdırılacaq.