Cümə günü 30 Oktyabr 2020

Mədəniyyət

Məhsəti Gəncəvi Mərkəzi – Şairənin rəngli dünyası

Surxay Məmmədzadə - 17/09/2020

Hazırda saray kimi bir binanın önündə dayanmışıq. Və bu gün saraylara layiq bir xanımın, şairə Məhsəti Gəncəvinin dünyasına səyahət edəcəyik. Yəni 2020-ci ildən ayrılıb XII əsrə gedəcəyik. Binanın şərq və qərb üslubunu özündə əks etdirən əzəmətli duruşu onu daim diqqət mərkəzində saxlayır. Məhsəti Gəncəvi Mərkəzinin insanın ruhunu dincəldən, mənəvi rahatlıq verən zahiri görkəmi, binanın önündən ötüb keçənləri hörmətli qonaq kimi onu kəşf etməyə dəvət edir.

XII əsrin Nizami dünyasından səslənən Məhsəti Gəncəvi müasir Azərbaycan insanına özünü təqdim etmək, kim olduğunu göstərmək, yaradıcılığı ilə tanış etmək üçün sanki tələsir. Elə bil pıçıldayır ki, real olaraq burda olmasam da, məni təmsil edən sənət nümunələri Məhsətini sizə tanıdacaq. Şairənin portreti, onun müxtəlif anlarını təsvir edən rəsm əsərləri, monumental əşyalar məndə xoş təəssüratlar oyadır.

Məhsəti Gəncəvi fərqli məşğuliyyəti, çoxşaxəli istedadı ilə daim diqqət mərkəzində olub. Şairənin musiqili rübailəri könülləri xoş edərkən, onun müxtəlif musiqi alətlərində ifası Məhsətinin daha bir özəlliyini də unudulmaz tarixi fakta çevirib.

Mərkəzdə Məhsəti Gəncəvinin həyat və yaradıcılığı, ədəbi irsi haqqında kitablar, Azərbaycan, rus və ingilis dillərində elektron formatda şairənin rübailəri, bununla yanaşı Azərbaycanın görkəmli şair və mütəfəkkirləri, Azərbaycan musiqisi və xalçaçılığa aid nəşrlər təqdim olunur. Burdakı oxu zalı ən sevdiyim güşələrdən biridir desəm, yanılmaram.

Rəsm qalereyasında Məhsəti Gəncəvi obrazı və rübailərinə həsr edilmiş müxtəlif tablolar, sənət nümunələri, monumental əsərlər nümayiş etdirilir.
Mərkəzin milli geyimlər sərgisi bəyəndiyim və baxmağa doymadığım ən maraqlı hissələrdən biri oldu. Burda Məhsəti dövrü, xüsusilə də İntibah dönəminin xanımlarına xas milli geyim nümunələri sərgilənir. Milli geyimlərin önünə düzülmüş və məişətimizi, mental dəyərlərimizi əks etdirən eksponatlar isə adamın ruhunu dincəldir.

Məhsəti otağında şairənin heykəli ucaldılıb. Burada proyektor vasitəsilə miniatür və rəsm əsərləri təqdim edilir. Bu otaq sanki mərkəzin digər guşələrindən ayrılıb adamı tamam fərqli bir dünyaya aparır. Elə bu təəssüratlarla da gəzintimizi yekunlaşdırıq. Hər şey əla idi.

Materiala dair videonu izləmək üçün keçid linki: https://youtu.be/BbkwudLtKEc