Cümə günü 30 Oktyabr 2020

Təhsil

GDU-nun məzunu ən yüksək bal toplayıb

Surxay Məmmədzadə - 18/09/2020

Seçdiyimiz elm sahəsində öhdəsindən gələ bilməyəcəyimiz çətinlik yoxdur.

Daha çox oxumaqla, hər gün yeni biliklər qazanmaqla, əzmlə, yorulmadan çalışaraq ən yüksək nəticəni əldə etmək mümkündür.

Bu sözləri müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində musiqi fənni üzrə ən yüksək (60) bal toplayan Rəna Hüseynova deyib.

Rəna Hüseynova imtahan barədə təəssüratlarını bölüşərək qeyd etmişdir ki, 2012-2017-ci illərdə Gəncə Dövlət Universitetində musiqi müəllimliyi ixtisası üzrə təhsil alıb. Yevlax şəhərində yaşayır. İndiyə kimi heç bir yerdə işləməyib. 2018-ci ildə müəllimlərin işə qəbulu imtahanlarında iştirak edib. Təəssüf ki, o vaxt 22 bal toplayıb. Zəif nəticə göstərməyinə səbəb məntiq fənnindən sualların olması idi.

Rəna Hüseynova bildirmişdir ki, yarım saata sualları cavablandırıb bitirməyinə baxmayaraq, səhvlərinə nəzər salmaq üçün imtahanın sonunu gözləyib. Ona görə çətin və düşündürücü suallar çox idi. Onu da qeyd edib ki, üzərində daim işləyən, hər zaman bilik əldə etməyə çalışan insan üçün elmin qapıları açıqdır. O, bu yolu əzmlə və çətinliklə qət edib. Belə ki, 22 bal topladığı gün qarşısına məqsəd qoyub ki, daha yüksək nəticə əldə edəcək. Düzü bu balı toplayacağını özü də gözləmirdi. Ancaq 50 balı keçməyi hədəfləmişdi. Bu yolda ona dəstək olan valideynlərinə, ailə üzvlərinə minnətdar olduğunu vurğuladyan Rəna Hüseynova heç bir fərdi hazırlığa getməmiş, kursda iştirak etməmişdi. Qətiyyətlə çalışıb, imtahanlara hazırlaşmışdı.

Bu gün imtahan nəticəsini 22 baldan 60 bala yüksəltməyin qürurunu və sevincini yaşayır. Bu uğuru əzmi, savadı və özünə inamın sayəsində əldə edib. Topladığı bala uyğun vakant yer seçib, savadlı və şagirdlərin sevimli müəllimlərindən biri olacağını qarşısına məqsəd qoyub. Müəllimlik fəaliyyətiylə bağlı çoxlu planları var. Onları həyata keçirib, daha böyük uğurlar əldə etmək istəyir.  Rəna Hüseynova hər bir uşağa fərdi yanaşaraq onların psixoloji vəziyyətini nəzərə alıb, şagirdlərlə müəllim və yeri gələndə yaxın insanı kimi rəftar edərək, onların xırda uğurlarını da qiymətləndirib, daha yüksək nailiyyətlər əldə etməsi üçün əlindən gələn köməyi əsirgəməyəcəyini bildirib.

Gəncə Dövlət Universitetinin rektorluğu və kollektivi adından Rəna Hüseynovanı təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Photogallery

Aa7f1cfc 1597990520255825385 1000x669