Cümə günü 23 Oktyabr 2020

Cəmiyyət

Ölkədə hərbi vəziyyətin elan olunması yüksək hərbi hazırlıqdan xəbər verir

Gülnar Fazilqızı - 29/09/2020

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi” haqqında Fərman imzalayıb. Fərmana görə, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib.

Beləliklə, ölkə ərazində hərbi vəziyyət elan olunmaqla, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.

Hərbi vəziyyət və bu vəziyyətdən irəli gələrək tətbiq edilən komendant saatları zamanı ictimai təhlükəsizliyin qorunması ön plana keçir.

Ölkədə hərbi vəziyyətin elan olunması yüksək hərbi hazırlıqdan xəbər verir. Bu Fərman həm də xalq, dövlət və ordu birliyinə işarə edir. Bu o deməkdir ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib. Bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır!       

Azərbaycan öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və alnıaçıq şəkildə öz siyasətini aparır. Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdən hesab olunurlar. Azərbaycan da məhz həmin dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması naminə öz ədalətli müharibəsini aparır.

Ölkədə hərbi vəziyyətin elan olunması və Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesaj olaraq da qəbul edilə bilər.  Bu Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olmasını bir daha göstərir.

Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir. Hazırki vəziyyətdə hər bir Azərbaycan vətəndaşının üzərinə çox böyük öhdəlik düşür. Unutmaq olmaz ki, “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir!