Şənbə 28 Noyabr 2020

QARABAĞ AZƏRBAYCANDIR!

Pərvin Kərimzadə - Azərbaycan böyük qələbələrə doğru addımlayır

Gülnar Fazilqızı - 24/10/2020

Bu gün müstəqil Azərbaycanımız qələbə ovqatına köklənib. Rəşadətli ordumuzun qazandığı parlaq zəfərlər, Füzuli, Cəbrayıl rayonları, Xocavənd, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd və strateji yüksəkliyin azad edilməsi xalqımızın qalibiyyət əhval-ruhiyyəsini yüksəldib.

Bunu  Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, işğalçı Ermənistan hakimiyyəti əsrlərdir xalqımıza qarşı apardığı məkrli siyasətini, 1992-ci ilin 26 fevralında Xocalıda olduğu kimi, mülki vətəndaşlara qarşı dövlət terrorunu, soyqırımı siyasətini dayanmadan davam etdirir. Yaşayış məntəqələrimiz, dinc sakinlərimiz, sənaye obyektlərimiz, ölkəmizin ərazisindən keçən qlobal əhəmiyyətli enerji-kommunikasiya layihələri ballistik raketlərdən atəşə tutulur. İnsanlıqdan, humanizmdən kənar erməni hərbiçilərinin Gəncədə, Tərtərdə, Ağdamda, Goranboyda, Mingəçevirdə törətdikləri müharibə çinayətləri Azərbaycan xalqına qarşı hədəflənən soyqırımı siyasətinin əyani göstəricisidir.

Məğlubiyyəti ilə barışmaq istəməyən, cəbhədə əldən verdiyi strateji mövqelərin, sarsıdıcı itkilərinin əvəzini dinc sakinləri qətlə yetirməklə, yaşayış obyektlərini qadağan olunmuş silahlarla darmadağın etməklə çıxmağa çalışan işğalçı ölkə müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında açız duruma düşdüyünü nə qədər gizlətməyə çalışsa da, buna nail ola bilmir. İgid əsgər və zabitlərimizin böyük rəşadət hesabına işğal altında, düşmən tapdağında qalan torpaqlarımız azad edildikcə terrorist erməni hakimiyyəti çirkin əməllərinin xəritəsini daha da genişləndirirlər. Üzdə Rusiyanın vasitəçiliyi ilə Moskvada humanitar atəşkəs əldə edən, çəbhədə bu atəşkəsi heçə sayan işğalçı erməni hakimiyyəti yalanları, sabun köpüyünə bənzəyən xülyalarından əl çəkmirlər.

Millət vəkili onu da vurğulayıb ki, 27 sentyabrdan başlayaraq Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatı həyata keçirir. Ordumuzun həyata keçirdiyi əməliyyatlar müasir Azərbaycan tarixinin şanlı mərhələsinə qədəm qoymaqla yanaşı, dünya hərb tarixində parlaq nümunəyə çevrilib.
Rəşadətli Ordumuz ən müasir silahlardan istifadə edərək düşmən ordusunu diz çökdürür, ermənilərin çoxlu sayda texnikasını, artilleriya sistemini, hava hücumundan müdafiə sistemini məhv edir. Haqq mübarizəsinə qalxan Azərbaycan Ordusu döyüş əməliyyatları zamanı düşməndən çoxlu sayda qənimətlər – tanklar, piyadaların döyüş maşınları, minaatanlar və s. götürüb. Çünki bu mübarizədə tam üstünlük haqqın, ədalətin, yəni Milli Ordumuzun, illərdir erməni işğalından, təcavüzündən zərər çəkən Azərbaycanın tərəfindədir.

“Minimum itki, maksimum nəticə” prinsipi ilə döyüşən Ordumuzun zəfər yürüşü bir daha təsdiq etdi ki, 15 il müddətində ölkəmizin hərbi büdcəsi əbəs yerə yüksələn xətt üzrə artırılmayıb. Azərbaycan uzun illər ən müasir silahların alınması, pilotsuz uçuş sistemlərinin əldə edilməsinə xüsusi diqqət yetirib. Bu kimi addımlar bu gün sözdə deyil, əməldə öz bəhrəsini verir. Azərbaycan Ordusu imkanlarını, döyüş qabiliyyətini nümayiş etdirir.

Dünyanın istənilən nöqtəsində baş verən müharibədə qələbənin təmin olunması üçün bir neçə vacib tələblər var: düşünən beyin və vuran əllərdən ibarət canlı qüvvə, müasir texniki imkanlar, davamlı hərbi təminat və əhval ruhiyyə… Bu tələblər təmin olunursa, döyüş meydanında uğur mütləq təmin edilir. Müzəffər Azərbaycan Ordusunda bunların hamısı var. Əlbəttə ki, bütün bu prosesə, zəfər yürüşünə peşəkarlıqla liderlik edən Ali Baş Komandandır. Nəticə göz önündədir. Bunun da təməlində qələbəyə inanan, uzun illərdir intizarında olduğumuz Böyük Zəfərin əldə edilməsi üçün dövlətimizə, rəşadətli Ordumuza, Ali Baş Komandanımıza dəstək verən xalqımızın böyük ruh yüksəkliyi, milli vəhdəti dayanır.

Ən çox oxunan