Cümə günü 26 Fevral 2021

QARABAĞ AZƏRBAYCANDIR!

Rəfiqə Sadıqova: 'TALEYİMİZİN ƏN BÖYÜK ƏRMƏĞANI: Torpaq həsrəti bitdi'

Sənubər Göyüşqızı - 19/01/2021

Son 30 ildə ilk dəfə idi ki, «Qarabağ şikəstəsi»ni göz yaşları ilə deyil, sevinclə, böyük şövqlə dinləyirdim. Həm də fərqinə varmadan əlimin arxası ilə üzüaşağı axan göz yaşlarımı silirdim. Məncə bu hamının ifadə etdiyi kimi təkcə sevinc göz yaşları deyildi. Ürəyimizə yığılıb qalan sevincimizə, uşaqlıq xatirələrimizə, yeniyetməliyimizə, ömrün ahıl vaxtında bir qarış Vətən torpağına tapşırılma istəyinə qənim kəsilmiş nisgilin, həsrətin özünəməxsus üsyanı idi. Yaşa dönüb həsrətin üstünə axırdı ki, onu yox eləsin, silsin.

Torpaq insanı yaman çəkərmiş. Bunu yaşlılar daha çox hiss edir. Heç görübsünüz qollu-budaqlı çinarı bir yerdən çıxarıb digər yerə köçürmək istəyəndə yaşasın, göyərsin?! Qətiyyən! Lakin bircə halda onu yerindən eləmək, köçürmək olar. Bitdiyi torpağı onunla birgə götürəsən ki, qəribsəməsin, özünü güvənli saysın.

Yadıma bir əhvalat düşdü. Yaxın qohumlarımdan birinin ürək ağrısı ilə danışdığı həmin əhvalatı unuda bilmirəm. O, deyirdi ki, qaçqınlıq illərində 6-7 yaşında idim. Gecə-gündüz mərmi, qrad atəşləri altında yaşayırdıq. Lakin bir gün yaşayış yerimizi tərk etmək məcburiyyətində qaldıq. Düşmən artıq lap yaxınlıqda idi. Kim nəyə əl atırdısa, atam: «Onsuz da qayıdacağıq də» – deyirdi. Hələ servantın üstündəki qabları toz basmasın deyə anama onların üstünü bir mələfə ilə örtməyi tapşırdı. Bircə nənəm üstündə oturduğu sandıqdan bərk-bərk yapışmışdı ki, bunu aparacağam. Atam nənəmi çox istədiyi üçün xətrinə dəymədi. Başını bulaya-bulaya sandığı birtəhər maşının yük yerinə yerləşdirdi. Sonuncu dəfə evimizə – həyətimizə nəzər salıb yola çıxdıq və bir daha qayıda bilmədik.

Vaxtilə uşaq bağçası olmuş bir mərtəbəli binanın 2 kiçik otağına zorla yerləşdik. Nənəm kədərli halda: «Başa gələn çəkilər» – dedi.

Nənəm çox ehtiyatlı arvad idi. O, sandığına təkcə pal-paltarını yığmazdı. Əlinə gələn qəndi, sorma şirnini, konfeti, hətta uzun zaman qaldığı üçün dişə gəlməyən peçenyeləri də sandığının bir tərəfinə yığardı. O sandıq məni elə özünə cəlb edirdi ki, nənəmin mürgü vurmasını həsrətlə gözləyirdim. Elə ki, onu yuxu basırdı, «ay nənə, dur yataqda yat» – deyib arvadı o qədər bezdirirdim ki, nənəm söylənə-söylənə qalxıb o biri otaqda olan çarpayıya uzanardı. Elə uzanan kimi də xoruldamağa başlayardı. Mənə də bu lazım idi. Demək sandığın qapağını qaldırıb “kəşfiyyata” çıxmaq olardı. Nə isə… Nənəm yuxusunu alana kimi bir-iki dəfə sandığa əl gəzdirərdim.

Günlərin bir günü yenə də sandıq əməliyyatına başlayanda əlimə yeməli heç nə dəymədi. Ağlım evimizdə olduğumuz günlərə getmişdi. Qaçqınlıqda zorla dolanırdıq. Daha aşıb-daşan süfrəmiz yox idi ki, hələ sandığa da növbə çatsın. Nə isə, ruhdan düşməyib əlimi bir də sandığın içində gəzdirdim. Əlim yumşaq bir şeyə toxundu (nənəm qəflətən gələr deyə sandığın içinə yalnız əlimi uzadırdım və arabir də qapını dinşəyirdim). Sevindim, onu götürəndə tələsdiyim üçün sandığın qapısı səslə örtüldü. Başım əlimdəki düyünçəni açmağa qarışdığı üçün nənəmin gəlib yanımda dayandığını hiss etmədim. Düyünçəni açdım və onun «nə edirsən?» sözünə diksinib geri çevrildim. Nənəm həyəcanla əlimə baxırdı. O, qorxmuş halda aşağı əyilib düyünçəni əlimdən almaq istədi. Mən yaşıl atlas parçasının içindəki torpağı görərkən nə yalan deyim, çox pərt oldum. Şirin-şirniyyat həvəsim qursağımda qaldı. «Al, dedim, nə böyük şeydi ki…». Nənəm sanki sözümü eşitmirdi. Torpağı öpüb-qoxlayırdı. Mənə elə gəldi ki, o, dəli olub. Torpağı öpmək, qoxlamaq nə deməkdir. Əlbəttə, bu mənim o vaxtkı düşüncəm idi. Anamın eşidib məni danlamasından qorxduğum üçün yavaş səslə: «Ay nənə, torpağı niyə öpürsən?» deyib zəndlə onun üzünə baxdım. O, boğazına düyünlənmiş qəhəri zorla udaraq: «Bu adi torpaq deyil, bala, elimin-obamın torpağıdır. İşdir, əgər o yerlərə dönmək mənə nəsib olmasa, onu qəbrimin üstünə töksünlər» – dedi. Bu vəsiyyətimi unutmayın!

…Nənəm əbədi olaraq gözlərini yumdu. Həm də Qarabağa, öz doğma yurd-yuvasına qovuşmadan öldü. Onun vəsiyyətindən biri də əmanət olaraq torpağa tapşırılması idi. «Qayıdanda məni də aparıb o torpağa tapşırarsınız» – deyirdi. Nənəm ölənə qədər o yerlərə dönəcəyimizə inamını itirməmişdi. Sonralar çoxlarından əmanət olaraq «torpağa tapşırılma» sözünü eşidirdim və daha təəccüblənmirdim. Artıq bəlli bir yaşa çatmışdım və torpaq həsrəti məni də göynədirdi.

Deyirlər dünyada ən şirin şey adamın öz canıdır. Yaşam hissi o qədər güclüdür ki, hətta belin büküləndə belə ölüm sözünü dilinə gətirməkdən çəkinirsən. Bir də deyirlər ki, ömürdən pay olmaz! Yalandır! İnanmayın! Elə isə ömrünün ən gözəl çağında gözünü qırpmadan ölümün üstünə gedən oğullar yaşamaq istəmirdi?! Həyatdan bezmişdilər? Yox! Onlar Vətən torpağı uğrunda gedən döyüşlərə yollananda ölümdən də, öldürücü silahlardan da, torpağa basdırılmış namərd minalardan da güclü idilər. Çünki öz torpaqları uğrunda döyüşürdülər. Ayaqlarının altındakı o torpaq onlara güc, qüvvət verirdi. Ətrini ciyərlərinə çəkəndə cəngavərə dönürdülər.

Vətən müharibəsi başlayanda sentyabrın 27-i idi. Havalar gözəl, günəşli keçirdi. Sanki təbiət də bu ədalətli davada Vətən oğullarına yardım əlini uzatmışdı. Analar gecələr ayaz olmadığı üçün sevinirdilər. Lakin o da vardı ki, doğma torpaq hənirli olur. Onu sevəndən sevgisini əsirgəmir. Çünki o, müqəddəsdir, həm də anadır!

Yəqin ki, sosial mediadan bir ananın cəbhədən dönən oğlunu qarşılamasını izləyib kövrəlmisiniz. Ana əsgər paltarlı oğlunu yerdə iməkləyərək, torpağı öpə-öpə qarşılayırdı. Ana da, torpaq da müqəddəsdir. Ona görə də onları bir-birindən ayırmırıq – Ana torpaq deyirik.

Müzəffər Ordumuzun, Vətən oğullarının qəhrəmanlığı sayəsində qələbənin sevincini yaşamaq taleyimizin ən böyük ərməğanı oldu. Mənfurların dediyi kimi güllə dəysə də, qanı axa-axa, yaralı döyüş yoldaşını çiyninə alaraq məqsədinə çatmaq üçün cəsarətlə vuruşan bu oğulların bir amalı vardı. Torpağı işğaldan azad etmək! Etdilər də. 30 ilin həsrəti Ali Baş Komandanın dəmir yumruğuna dönüb mənfurları əzdi. Kapitulyasiyaya imza atmaq üçün bir zaman Şuşada yallı gedən Paşinyanı tapmaq müşkül kimi göründü. Lakin qaçacaq bir yer yox idi. O imza atıldı.

Həyatları boyu ancaq namərdliyə köklənmiş mənfurlar şəhərlərimizi, kəndlərimizi dağıdıb, daşı-daş üstündə qoymayıblar. Heyfsilənmirik! Çünki onların nəfəsi çökmüş o dörd divar arasına sığa bilməzdik!

Ömrü boyu kimsənin varında-dövlətində gözümüz olmayıb. Elə ona görə də Yaradan bu torpağa hər cür zənginliyi bəxş edib. Ürəyi kinsiz, əməli saf, əqidəsi düz olub, dürüst olub bu xalqın. Amma nə yazıq ki, qonşu sarıdan bəxti gətirməyib. Daima özgə torpağında gözü olanlara isə Yaradan bol-bol xəbislik, namərdlik, hiyləgərlik verib. Odur ki, sevincləri həmişə yarımçıq, arzuları isə gözlərində qalıb. Bax, bu gün biz belə bir xəbis, paxıl varlıqlarla qonşuyuq. Humanistliyimiz bu insan cildinə girmişlərin tamahını artırıb. Lakin insan olmayanla bəşər dilində danışmaq lazım deyilmiş! Qətiyyətli Ali Baş Komandanımız, Müzəffər Ordumuz 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi və bu qələbə dillərə dastan oldu. Ali Baş Komandanımız İlham Əliyev düşməni həm cəbhədə, həm də diplomatik müstəvidə məğlub etdi və dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycandır!

Rəfiqə SADIQOVA