Bazar günü 18 Aprel 2021

İdman

'Kəpəz' fişəng və diktor olayına aydınlıq gətirdi

Sənubər Qocayeva - 11/02/2021

"Bilirsiniz ki, pandemiya ilə bağlı stadionlara azarkeş buraxılmır".

Oyundan öncə AFFA nümayəndəsi, klub rəsmiləri və polislər stadiona baxış keçirib və içəridə heç bir fanata rast gəlinməyib".

Bu fikirləri "Kəpəz"in Mətbuat katibi Azad Mustafayev "Keşlə"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin Gəncə şəhər stadionunda keçirilən cavab oyunu zamanı pirotexniki maddələrdən istifadə olunmasına aydınlıq gətirərkən deyib.

Klub rəsmisi bildirib ki, arenaya fişəng kənardan atılıb: "Stadion yol kənarında yerləşir. Böyük ehtimalla, fişəng oradan atılıb. O da meydana yox, tribunaya düşüb. Həmin vaxt dərhal polis əməkdaşları əraziyə yollansalar da, orada heç kimi tapa bilməyiblər. Kimsə fişəngi atıb və qaçıb".

Diktor və yanğınsöndürən nümayəndəsi ilə bağlı kluba verilən cəzaya da münasibət bildirən Mustafayev problemin onlardan qaynaqlanmadığını söyləyib: "Matçın startına 8-10 dəqiqə qalmış elektrik enerjisinin verilməsində fasilə yarandı. Texniki heyət bunu aradan qaldırmaq üçün səy göstərsə də, yalnız birinci hissənin sonunda buna nail oldu. Əslində problemlə bağlı AFFA nümayəndəsi Məmmədəli Məmmədova məlumat vermişdik. Yanğınsöndürənə gəlincə, biz müvafiq idarəyə vaxtında məktub göndərmişik. Gecikmənin səbəbini özümüz də bilmirik".

Qeyd edək ki, “Kəpəz” – “Keşlə” oyunu bir sıra qüsurlarla yadda qalıb. Görüş zamanı pirotexniki maddələrdən istifadə olunub, diktor məlumatları vaxtında verməyib. Bu halların hər biri meydan sahiblərinə 800 manat cərimə bahasına başa gəlib. Daha 400 manat cərimə isə yanğınsöndürən nümayəndənin təyin olunan vaxtda iclasda iştirak etməməsi ilə əlaqədar kəsilib.

Cəmiyyət