Bazar günü 18 Aprel 2021

Cəmiyyət

Gəncədə Gənclərin İnkişaf və Karyera Mərkəzinin açılışı olub

Gülnar Fazilqızı - 20/02/2021

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Gəncə şəhərində yerləşən Heydər Əliyev mərkəzində fəaliyyətə başlayıb. Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Millət Vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və Gəncə gəncləri iştirak ediblər. 300-ə yaxın gənc isə açılış tədbirini onlayn şəkildə izləyib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyev abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Gəncə nümayəndəliyinin açılışı baş tutub.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxş edərək bildirib ki, ölkədə həyata keçirilən hərtərəfli siyasətin ən vacib hissələrindən birini dövlət-gənclər siyasəti təşkil edir. Bu siyasət əsasən, gənclərin intellektual səviyyəsinin artırılmasına, onların elmə, təhsilə yiyələnmələrinə, milli-mənəvi dəyərlərin mənimsənilməsinə və digər məsələlərə yönəlib. Bu gün gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların məşğulluğunun və dövlət idarəçilik sistemində iştiraklarının təmini istiqamətində mühüm addımlar atılır. Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Gəncə nümayəndəliyinin yaradılması olduqca əlamətdar bir hadisə kimi dəyərləndirən Adil Tağıyev, bunun gənclər üçün yeni imkanlar demək olduğunu vurğulayıb.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılan GİKM-lərin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.

Çıxışlardan sonra Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Millət Vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərov tədbir iştirakçıları  ilə söhbət edib, onları maraqlandıran suallara cavablandırıblar. Tədbir istedadlı gənclərin  hazırladığı musiqili-əyləncəli proqram və təlim xarakterli oyunlarla davam etdib.

Qeyd edək ki, artıq 33 şəhər və rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəlikləri fəaliyyətə başlayıb. Bu il ərzində ölkənin bütün şəhər və rayonlarında mövcud olan Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaqdır.

Photogallery

IMG 2887 IMG 2854 IMG 2890 IMG 2899 IMG 2904 IMG 2846 IMG 2914

Cəmiyyət