Bazar günü 18 Aprel 2021

Sosial

İlham Əliyev: Bu siyasət mənəvi normalara əsaslanır

Gülnar Fazilqızı - 26/02/2021

Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin vaxtında həlli Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Bu sahədə dövlət tərəfindən bütün zəruri addımlar atılmaqdadır.

Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il verilən mənzil sayı 1572 olub ki, onlardan da 103 Gəncə şəhərində yaşayan şəhid ailəsi və Qarabağ əlilinə təqdim edilib. Bu il isə daha 3 minə yaxın mənzilin sahiblərinə təqdim olunması nəzərdə tutulur. Müharibə əlillərinə verilən avtomobil sayı isə 7200-ə yaxındır.

Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın bu sahədəki siyasəti birmənalıdır: “Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar”.

Dövlət başçısının tapşırığı əsasında son illərdə qurulan müasir reabilitasiya infrastrukturu da qazilərə göstərilən diqqətin bariz nümunəsidir. Ölkədə fəaliyyət göstərərən bu tip mərkəzlər hərbçilərimizin yüksək səviyyədə reabilitasiya  xidmətləri ilə təminatı üçün xüsusi önəm kəsb edirlər. Qeyd etmək yerinə düşər ki, müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş olunub. 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək.

Ümumilikdə demək olar ki, görülən işlər böyük sürətlə və yüksək məsuliyyətlə icra olunur, çünki şəhid ailələri və qazilərə qayğı dövlətin prioritet vəzifəsidir.

 

Cəmiyyət