Bazar günü 18 Aprel 2021

QARABAĞ AZƏRBAYCANDIR!

Bu gün Vətən Müharibəsi şəhidi Kərim Məmmədovun doğum günüdür

GanjaNews - 05/04/2021

O, Vətən Müharibəsi başlamazdan bir neçə gün əvvəl belindən əməliyyat olunmuşdu. Yarasının sağalması üçün həkim ona məzuniyyət yazsa da, komandirinin "Sənə güvənirik, Kərim!" - deməsi, onu məzuniyyətdən imtina edib, irəli getməyə ruhlandırır. Bu gün Murovdağ və Kəlbəcər istiqamətində vuruşaraq şəhidlik zirvəsinə ucalan gizir Kərim Məmmədovun doğum günüdür. Şəhid gizirimizi daha yaxından tanıyaq.

Ganjanews.az Gencesehidleri.az saytına istinadən bildiri ki, Məmmədov Kərim Namil oğlu 5 aprel 1989-cu ildə Gəncə şəhərində doğulmuşdur.

1995-ci ildə Gəncə şəhəri 27 nömrəli məktəb-liseyin birinci sinfinə daxil olmuş, 2007-ci ildə həmin təhsil müəssisəini bitirmişdir.

2007-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami rayon şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətdə olmuşdur.

2012-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında MAXE hərbi qulluqçu kimi xidmət etməyə başlamışdır. Daxili Qoşunlarda müddətdən artıq hərbi qulluqçu kimi xidmətdə olarkən təhsilini davam etdirmiş, gizir rütbəsi almışdır. Hərbi xidmətdə olduğu müddətdə nümunəvi xidmətinə görə dəfələrlə fəxri fərmanla, medalla təltif edilmişdir. 

2016-cı ildə tarixə “4 günlük müharibə” kimi düşən Aprel döyüşlərində iştirak etmişdir. Aprel döyüşlərindən sonra o, Azərbaycan Ordusunda xidmət etmək qərarına gəlmişdir.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin giziri Kərim Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuş, Murov zirvəsinin və Kəlbəcər rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

2 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

2 oktyabr 2020-ci tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Məmmədov Kərim Namil oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.

Ailəli idi. İki övladı yadigar qalıb.

Allah rəhmət eləsin! 

 

Cəmiyyət